Mehmet Mutlu: "Festivalda iştirakımızdan çox məmnunuq"

2 İyul 2014 22:34 (UTC+04:00)

İstanbul Modern Folk Müzik Topluluğumuz Azərbaycana ilk dəfədir gəlir. Ölkənizdə ilk konsertimizi də məhz Şəki şəhərində həyata keçiririk. İyulun 1-də festivalın açılışında da iştirak etdik. Açılış mərasimi hamımızın xoşuna gəldi. Festivalda iştirakımızdan çox məmnunuq. Bu sözləri Şəkidə keçirilən "İpək Yolu" V Beynəlxalq musiqi festivalının iştirakçısı, İstanbul Modern Folk Müzik Topluluğunun bədii rəhbəri Mehmet Mutlu jurnalistlərə müsahibəsində bildirmişdir.

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 1993-cü ildə yaradılan bu kollektivin hazırda 30 nəfər üzvü olduğunu, festivalda 4 solistlə iştirak etdiklərini bildirən Mehmet Mutlu demişdir: "Kollektivimiz əsasən türk xalq musiqisini təbliğ edir. Repertuarda Azərbaycan mahnılarına da geniş yer ayrılmışdır. Şəki şəhərində ilk dəfədir oluruq. Qədim şəhərdir, çox xoşumuza gəlir. Qonaqpərvərliyiniz də çox yüksəkdir. Biz onsuz da, Azərbaycanı öz vətənimizdən ayrı düşünmürük. Burada özümüzü çox rahat, Türkiyədəki kimi hiss edirik. Festivalın işinə uğurlar arzulayırıq".