Pirallahı rayonunda polis günü qeyd edilib

2 İyul 2014 21:53 (UTC+04:00)

Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzinin lektoriya zalında Azərbaycan polisinin yaranmasının 96-cı ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə çıxış edən Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov qeyd etmişdir ki, Azərbaycan polisinin uzun, tarixi və şərəfli bir yol keçdiyini diqqətə çatdırmışdır. V.Səfixanov ümummilli lider Heydər Əliyevin daxili işlər orqanlarının müstəqil dövlətimizə uyğun formalaşmasında müstəsna rolu haqqında danışmışdır. Bildirilmişdir ki, Ulu Öndərin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyev bu gün polis işçilərinə diqqətlə və qayğıkeşliklə yanaşır.

Mərasimdə çıxış edənlər rayonda asayişin qorunması istiqamətində görülən işlərdən danışmışlar. Qeyd edilmişdir ki, son 6 ay ərzində Pirallahı rayonunda baş vermiş 23 cinayət faktının hamısının açılması təmin edilmişdir.

Tədbirin sonunda ictimai asayişin təmin olunması, həmçinin cinayətkarlıqla mübarizədə xüsusi fərqlənən bir qrup polis əməkdaşına rayon icra hakimiyyəti tərəfindən fəxri fərman və qiymətli hədiyyələr təqdim edilmişdir.