AMEA Naxçıvan Bölməsin Təbii Ehtiyatlar İnstitutu Y.Məmmədəliyevin Ordubad şəhərindəki ev muzeyində elmi konfrans keçirilib. SİA-nın xəbərinə görə, konfransı giriş sözü ilə AMEA Naxçıvan Bölməsi Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ələddin Abbasov açıb.
O qeyd edib ki, Yusif Məmmədəliyev nəinki Azərbaycanda ümumilikdə keçmiş SSRİ-də kimya elminin özünəməxsus zirvədir. Vurğulanıb ki, Məmmədəliyev Yusif Heydər oğlu Naxçıvan MR-nın Ordubad şəhərində anadan olub. Məmmədəliyev Yusif Heydər oğlu 1947-51 və 1958-61-ci illərdə Azərbaycan SSR EA-nın Prezidenti seçilmişdir. 1926-cı ildə Azərbaycan Ali Pedaqoji institutunu bitirib. 1942-ci ildə kimya elmləri doktoru və professor, 1945-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının akademiki olub.
Elmi konfransda İnstitutun elmi işlər üzrə direktor müavini, kimya elmləri doktoru Bayram Rzayev "Y.Məmmədəliyevin uşaqlıq illəri", institutun əməkdaşlarında kimya üzrə fəlsəfə doktoru Fizzə Məmmədova "Yusif Məmmədəliyevin həyatı və fəaliyyəti", kimya üzrə fəlsəfə doktoru Qorxmaz Hüseynov "Yusif Məmmədəliyev – alkilləşmənin kralı", kimya üzrə fəlsəfə doktoru, dosent Günel Məmmədova "Yusif Məmmədəliyevin neft kimyasında rolu", kimya üzrə fəlsəfə doktoru Aliyə Rzayeva "Yusif Məmmədəliyevin elmi yaradıcılığı", kiçik elmi işçi Turac Süleymanova "Yusif Məmmədəliyev və müasir gənclik" mövzularında məruzə ediblər.
Vurğulanıb ki, Yusif Məmmədəliyevin əsas elmi işləri neftin və neft qazlarının katalitik emalı sahəsindədir. Azərbaycanda neft kimyasının əsasını qoyub. O, müxtəlif karbohidrogenlərin katalizator iştirakı ilə xlorlaşdırılma və bromlaşdırılmasının yeni üsullarını təklif etmiş, neft qazlarını, xüsusilə də metanı əvvəllər stasionar katalizator üzərində, sonralar isə qaynar təbəqədə xlorlaşdırmaqla, karbontetra-xlorid, metilxlorid, metilen-xlorid və s. qiymətli məhsullar alınması yollarını göstərib.
Məmmədəliyev Bakı neftlərinin benzin fraksiyasının katalitik aromatikləşdirilməsi, yuyucu maddələr və silisium-üzvi birləşmələr alınması, piroliz məhsullarından plastik kütlə istehsalı və Naftalan neftinin təsir mexanizminin öyrənilməsi sahələrində də mühüm işlər görülüb. Yüksəkixtisaslı elmi kadrlar hazırlanmasında böyük xidməti olub. O, SSRİ, ABŞ, İtaliya, Fransa, İngiltərə və başqa ölkələrdə çağırılan qurultay, konqres və simpoziumlarda respublikamızı dəfələrlə təmsil edib.
Azərbaycan Astrofizika Rəsədxanası, Əlyazmaları Fondu, Sumqayıt Kimya Elmi Mərkəzi və digər müəssisələrin təşkili Y.Məmmədəliyevin adı ilə bağlıdır. Onun yaratdığı Azərbaycan neft-kimya məktəbi respublikadan çox-çox uzaqlarda tanınır. Yusif Məmmədəliyev Lenin ordeni Qırmızı Əmək Bayrağı və Şərəf nişanı ordenləri həmçinin medallarla təltif edilib. Y. Məmmədəliyev 200-dən artıq elmi əsərin, o cümlədən 6 monoqrafiyanın müəllifi olub.
Sonra konfrans iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. İştirakçılar Yusif Məmmədəliyevin ev muzeyi ilə tanış olublar.