“Sabre” şirkəti Azərbaycanda fəaliyyətə başlayıb

1 İyul 2014 23:41 (UTC+04:00)

Səyahət və turizm sahəsində qabaqcıl texnologiya təminatçısı olan ABŞ-ın "Sabre" şirkəti rəsmi olaraq Azərbaycanda fəaliyyətə başlamışdır.

Şirkətin ölkəmizdəki ofisindən bildirmişlər ki, "Sabre" üçün Azərbaycan yeni bazardır. Şirkət biletlərin, otel otaqlarının satışı və bron edilməsi, avtomobillərin kirayəsi üzrə 400 mindən artıq agentliyin və minlərlə korporasiyanın istifadə etdiyi ən iri bazarlarda əməliyyatlar aparır.

Dünyanın təxminən 60 ölkəsində fəaliyyət göstərən şirkət ildə təxminən 100 milyard ABŞ dollarından artıq həcmdə əməliyyatlar həyata keçirir.

"Sabre" səyahətlər şəbəkəsinin Şərqi Avropa, Yaxın Şərq və Afrika regionları üzrə vitse-prezidenti Dean Bibb demişdir: "Azərbaycan iqtisadiyyatı dünyada ən sürətlə inkişaf edən iqtisadiyyatlardan biridir və ölkənin ümumi daxili məhsulu artmaqdadır. Səyahət və turizm sahələrinə sərmayələr yatırılır və yeni texnologiyaya maraq artır. Biz yerli sənayeyə dəstək verən və müasir texnologiyanı tətbiq etmək istəyən agentliklərlə tərəfdaşlıq edəcəyik".

Şirkətin Azərbaycan ofisinin rəhbəri Qabil Allahverdiyev Azərbaycanın turizm sahəsinin ən son texnologiyalara ehtiyac duyduğunu bildirmişdir.