"Azər-İlmə"də AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun dissertantı, Əməkdar İncəsənət xadimi, professor Vidadi Muradovun tarix üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün təqdim olunmuş "Azərbaycanın İrəvan bölgəsində xalçaçılıq sənətinin inkişaf tarixindən: XVIII əsrin II yarısı-XX əsrin əvvəlləri (bölgəyə aid 100 orijinal xalça əsasında)" adlı dissertasiyasının ikinci müzakirəsi keçirilib. SİA-nın məlumatına görə, dssertasiya işinin elmi rəhbəri A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Yaqub Mahmudov müzakirə olunan elmi işin həm Azərbaycan tarixşünaslığı, həm də sənətşünaslıq baxımından böyük əhəmiyyət kəsb etdiyini xüsusi vurğuladı. Bu qəbildən olan elmi tədqiqatları xalqımızın soy-kökünün, əxlaqi-mənəvi dəyərlərinin, düşüncə tərzinin, estetik meyarlarının, zövqünün araşdırılması istiqamətində görülən mühüm işlər kimi qiymətləndirib
Müzakirədə sənətşünaslıq doktoru, professor Kübra Əliyeva, Azərbaycan Dövlət Xalça Muzeyinin elmi işlər üzrə direktor müavini Asya Şirəliyeva, Slavyan Universitetinin professoru, filologiya üzrə elmlər doktoru, "Yol" jurnalının redaktoru Flora Naci, AMEA Tarix İnstitutun əməkdaşları tarix üzrə elmlər doktoru, professor Kərim Şükürov, t.e.d., professor Tofiq Mustafazadə, t.e.d. Camal Mustafayev, tarix üzrə fəlsəfə doktoru Hacı Həsənov, t.e.d. Qasım Hacıyev, Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini Cəbi Bəhramov, Bakı Dövlət Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru Arzu Məmmədova, memar Fəxrəddin Miralay və digər mütəxəssislər çıxış edərək dissertasiya işinin hərtərəfli elmi təhlilini veriblər. Qeyd olunub ki, təcrübi materiallar - İrəvan bölgəsində toxunan 100 ədəd tarixi xalça, həmçinin bu xalçaları toxuyan insanlar, bölgənin əsas xalçaçılıq məntəqləri, xalçaların ornament, kompozisiya xüsusiyyətləri haqqında məlumatların dissertasiya işinə daxil edilməsi tədqiqat işinin yüksək elmi dəyərini və orijinallığını təmin edib. Dissertasiya işi Azərbaycan tarixşünaslığında yeni elmi istiqamət kimi də qiymətləndirilib. Müzakirədə iştirak edən mütəxəssislər dissertasiya işinin elmi əhəmiyyəti ilə eyni zamanda, Azərbaycanın tarixi həqiqətlərinin təbliği baxımından da xüsusi rola malik olduğunu göstəriblər.
Müzakirənin sonunda Vidadi Muradovun "Azərbaycanın İrəvan bölgəsində xalçaçılıq sənətinin inkişaf tarixindən: XVIII əsrin II yarısı-XX əsrin əvvəlləri" adlı tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya işinin müdafiəyə təqdim edilməsi haqqında qərar qəbul edilib.



