"Bu gün Azərbaycan ordusu ölkə xalqının milli qürurudur. Təbii ki, bu gün ordumuzun bu qədər güclənməsi, qüdrətlənməsi cənab Prezident İlham Əliyevin adı ilə bağlıdır". Bunu SİA-ya "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlu Azərbaycan Prezidenti İlham Əliyevin "hazırda güclənən Azərbaycan Ordusu Ermənistan üçün böyük təhlükə mənbəyidir" sözlərini şərh edərkən deyib.
Politoloqun sözlərinə görə, bütövlükdə Azərbaycanda hərbi sənayenin qurulması, ölkəmizin beynəlxalq silah ixracatı bazarına çıxması, intizamlı, nizamlı vahid komandanlığa tabe qüdrətli Azərbaycan ordusunun yaranması Prezidentimizin adı ilə bilavasitə bağlıdır: "26 İyun Azərbaycan Silahlı Qüvvələrinin yaranması günündə dövlət başçısının səsləndirdiyi bu fikirlər olduqca vacib və əhəmiyyətlidir. Azərbaycan dövləti özünü, öz sərhədlərini və ərazi bütövlüyünü qorumağa hazırdır. Azərbaycan ordusu istənilən halda ölkəmizin beynəlxalq hüquq tərəfindən tanınmış ərazi bütövlüyünü qorumağa tam hazırdır. Hesab edirik ki, bu Azərbaycan xalqında müsbət hərbi psixoloji əhval-ruhiyyə yaratdığı kimi, ölkəmizin ərazilərini işğal etmiş erməni qonşularımızın da daxilində hərbi psixoloji sarsıntı yaradır. Bu, onların gec-tez Azərbaycanın qüdrətini görməsi üçün parlaq fikir kimi səslənir".