Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əldə olunmuş razılığa əsasən, "Asan xidmət" mərkəzlərində "Azərsu" ASC-nin abunəçilərinə bir sıra müştəri xidmətlərinin göstərilməsinə başlanılmışdır.
ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirmişlər ki, "Asan xidmət" mərkəzlərində abunəçilər aşağıdakı xidmətlərdən istifadə edə bilərlər:
- Abonentlərin bazadakı məlumatlarına dəyişikliklərin edilməsi;
- Borc haqqında məlumatın (arayış) verilməsi;
-"Smart" tipli sayğac quraşdırılan tarixdən karta yükləmələr haqqında məlumatın verilməsi;
- Səbəbindən asılı olmayaraq istənilən ödəniş provayderi vasitəsilə həyata keçirilmiş qüsurlu ödənişin bərpası (ödənişin bazaya düşməməsi, bazaya düşən ödənişlərin köşklərdə "smart-karta" yüklənməməsi və s. hallarda);
- Yeni "smart-kart"ların verilməsi;
- İtirilmiş və ya zədələnmiş "smart-kart"ların bərpası;
- Qeydiyyatda olan və "Azərsu" ASC-nin abonent bazasında təsdiqini tapmış məcburi köçkün qrupuna aid abonentlərin sudan istifadə və tullantı suların axıdılması xidmətlərinə görə limitlərinin "smart-kart"a yüklənməsi;
- "Smart" tipli sayğacın digər "smart" tipli sayğacla əvəz olunması səbəbindən yeni "smart-kart"ların verilməsi və əvvəlki kartda qalan məbləğin yeni karta köçürülməsi;
- "Smart" tipli sayğaclardan istifadə qaydaları haqqında məlumatın verilməsi.
İtirilmiş "smart-kart"ın bərpası üçün 5 manat rüsum istisna olmaqla, digər xidmətlər ödənişsizdir. İlkin mərhələdə bu xidmətlər Nərimanov rayonu ərazisində yerləşən 1, Yasamal rayonundakı 3 və Sabunçu rayonundakı 4 saylı "Asan xidmət" mərkəzlərində təşkil olunmuşdur. Yaşayış yerindən asılı olmayaraq abunəçilərin həmin mərkəzlərdə "Azərsu" ASC-nin xidmətlərindən istifadəsinə məhdudiyyət qoyulmur.
Yaxın vaxtlarda "Azərsu" bütün "Asan xidmət" mərkəzlərində öz xidmətləri ilə təmsil olunacaqdır.