Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Milli Qurtuluş gününə həsr olunmuş tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan teatrın direktoru, Azərbaycan Resoublikasının əməkdar artisti, Kalmıkiya Respublikasının Əməkdar İncəsənət Xadimi Mübariz Həmidov Milli Qurtuluş Gününün Azərbaycan tarixindəki əhəmiyyətli mövqeyindən bəhs edib: "1993-cü ildə, ölkənin vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qaldığı bir vaxtda Ümummilli Lider Heydər Əliyevin rəhbərliyə qayıdışı müstəqil dövlətimizin qurtuluşunu təmin etdi. Onun hakimiyyətə gəlişi ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yaradaraq, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesinə start verildi. Ulu öndərin xidmətləri sayəsində xalqımız əvvəlcə siyasi və iqtisadi müstəqilliyinin möhkəm təməlini yaratmış, daha sonra isə müstəqil dövlətini qurmaq, qorumaq və yaşatmaq üçün tarixin verdiyi imkanları həyata keçirə bilib. Bu gün Azərbaycanın dünya ölkələri içərisindəki nüfuzu və qüdrəti bilavasitə Heydər Əliyevin uzaqgörən və qətiyyətli siyasətinin əsas göstəricisidir". M.Həmidov həmçinin, ulu öndərin Azərbaycanın mədəniyyəti, eləcə də teatrına göstərdiyi diqqət və qayğını xüsusi vurğulayıb.
Tədbirdə teatrın baş rejissoru, Azərbaycan və Kalmıkiya Respublikalarının Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov, xalq artisti, Prezidentin fərdi təqaüdçüsü Cənnət Səlimova, Xalq artisti, Prezident mükafatçısı Yasin Qarayev çıxış edərək bildiriblər ki, Heydər Əliyevin yürütdüyü siyasi xətt bu gün onun layiqli davamçısı, ölkə prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Qeyd edək ki, daha sonra Azərbaycan Milli dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadənin "Hekayəti xırs quldurbasan" tamaşası nümayiş etidirilib.