Məktəblilərimiz şahmat yarışlarında uğurla çıxış edirlər

16 İyun 2014 09:47 (UTC+04:00)

Yunanıstanın Kavala şəhərində məktəblilər arasında şahmatın rapid və blits növləri üzrə dünya çempionatı, klassik şahmat üzrə isə Avropa çempionatı keçirilir.

Azərbaycan Şahmat Federasiyasının baş katibi İbrahim Məmmədov AzərTAc-a məlumat vermişdir ki, çempionatda Avropanın 28 ölkəsindən 400-dən artıq gənc və yeniyetmə şahmatçı mübarizə aparır. Yığma komandamız şahmatın rapid növü üzrə yarışda 6 yaş qrupunda oğlan və qızlardan ibarət 28 şahmatçı ilə təmsil olunmuş və uğurlu nəticələr əldə etmişdir. İdmançılarımız bu yarışda 3-ü qızıl, 4-ü gümüş, 3-ü bürünc olmaqla 10 medal qazanmışlar.

Respublika ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər şahmat məktəbinin, Bakı şəhərindəki 2 nömrəli və Mingəçevir şəhərinin uşaq-gənclər şahmat məktəblərinin yetirmələri daha yüksək nəticələr qazanmışlar.

İyunun 16-da blits üzrə dünya çempionatı, iyunun 17-26-da isə klassik şahmat üzrə Avropa çempionatı keçiriləcəkdir.