Azərbaycanlı baykerlər Zaqrebdə motoparadda iştirak ediblər

14 İyun 2014 23:51 (UTC+04:00)

15 İyun - Milli Qurtuluş Günü münasibətilə 10 min kilometrlik motoyürüşə çıxan azərbaycanlı baykerlər iyunun 14-də Zaqrebdə "Harley Devidson" sahiblərinin möhtəşəm paradında iştirak etmişlər.

SİA ANS TV-yə istinadla xəbər verir ki, "Azərbaycanı Avropada tanıdaq" devizi ilə yürüşə çıxan baykerlərimiz üç rəngli bayraqlarımızla paradın ön sıralarında olmuşlar. Yağış altında keçən tədbirdə dünyanın müxtəlif ölkələrindən minlərlə bayker iştirak etmişdir.

İyunun 7-də Bakıdan başlayan motoyürüşün məqsədi Azərbaycanı Avropada daha geniş tanıtmaqdır.

Azərbaycanlı baykerlər 10 min kilometr yol qət etmişlər və buna görə "Harley Devidson"un xüsusi mükafatına və hədiyyələrə layiq görülmüşlər.

Azərbaycan baykerlərinə rəhbərlik edən ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev bildirmişdir ki, Avropa ölkələrində, o cümlədən Xorvatiyanın paytaxtı Zaqrebdə Xocalı faciəsi haqqında Heydər Əliyev Fondunun hazırladığı broşürlar paylanılmışdır. "Beynəlxalq Harley" sahiblərinin konqresində Azərbaycanın inkişafı barədə məlumat verilmişdir. "HOG Baku" Azərbaycan klubu bu konqresə qəbul edilmişdir.

Motoyürüş "Harley Devidson HOG Baku" klubunun təşkilatçılığı və ANS-in informasiya dəstəyi ilə keçirilmişdir.