Diri doğulmanın beynəlxalq meyarları tətbiq ediləcək

14 İyun 2014 10:46 (UTC+04:00)

Azərbaycanda ölkə üzrə diri doğulmanın beynəlxalq meyarları tətbiq ediləcək. SİA-nın verdiyi məlumata görə, bu, Azərbaycan prezidenti tərəfindən təsdiqlənən "Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı"nda əksini tapıb.

Bu məqsədlə Səhiyyə Nazirliyi və Dövlət Statistika Komitəsi 2014-2015-ci illərdə diri doğulmanın beynəlxalq meyarlarına keçidlə əlaqədar tənzimləyici normativ hüquqi aktlar hazırlamalıdırlar. Səhiyyə Nazirliyi, Dövlət Statistika Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə 2 il rzində səhiyyə sahəsində rəsmi statistika hesabatlarının və tibbi qeydiyyat formalarının diri doğulmanın beynəlxalq meyarlarına uyğunlaşdırılmasını, Səhiyyə Nazirliyi diri doğulmanın beynəlxalq meyarlarına keçidlə əlaqədar klinik protokolların və müvafiq təlimatların hazırlanmasını təmin etməlidir. 2014-2015-ci illər ərzində Səhiyyə Nazirliyi və Təhsil Nazirliyi birlikdə tibbi təhsil sahəsində tədris proqramlarının diri doğulmanın beynəlxalq meyarlarına uyğun olaraq təkmilləşdirilməsini də həyata keçirməlidirlər.