Elmi jurnalların sərgisi açılıb

13 İyun 2014 20:13 (UTC+04:00)

İyunun 13-də AMEA Mərkəzi Elmi Kitabxanasının Rusiya Elmlər Akademiyasının Təbiət Elmləri üzrə Kitabxanasından yeni daxil olan 154 adda, 1700-dən çox elmi jurnalların sərgisi açılıb.

Kitabxanadan bildiriblər ki, sərginin açılış mərasimində Mərkəzi Elmi Kitabxananın elmi işlər üzrə direktor müavini Firəngiz Hüseynova jurnallar haqqında iştirakçılara geniş məlumat verib. Qeyd edib ki, Rusiya Elmlər Akademiyasının Təbiət Elmləri üzrə Kitabxanasından Mərkəzi Elmi Kitabxanaya daxil olan bu jurnallar bir çox elm sahəsini əhatə edir. Hər bir elm üzrə burada dəyərli materiallar vardır. Buradakı materiallar tədqiqat aparan elm adamları üçün çox dəyərli mənbədir. Sevindirici haldır ki, bu jurnallarda Azərbaycan alimlərinin də 200-ə yaxın elmi məqaləsi nəşr olunub. Həmin məqalələr Mərkəzi Elmi Kitabxananın azərbaycanşünaslıq şöbəsinin biblioqrafları tərəfindən "Azərbaycanda elm və mədəniyyət" adlı elektron kartotekaya və Azərbaycanşünaslıq Elektron İnformasiya Mərkəzinin müvafiq məlumat bazalarına daxil edilib.

Əsasən 2012-2013-cü illəri əhatə edən jurnallarda fizika-riyaziyyat, kimya, Yer elmləri, biologiya, ictimai-humanitar elmlər, texniki, tibb, fəlsəfə və s. elm sahələri üzrə yüzlərlə elmi araşdırmalar dərc olunub.

Sərgidə jurnallar adıçəkilən bölmələrdə alim və mütəxəssislərə təqdim olunub.

Sərgi 10 gün davam edəcəkdir.

Elmi jurnallardan istifadə etmək istəyən oxucular kitabxananın dövri mətbuat zalına müraciət edə bilərlər.