“Azərbaycanda internetin bu günü və sabahı” adlı Forum keçirilib

13 İyun 2014 16:35 (UTC+04:00)

15 iyun Milli Qurtuluş günü ərəfəsində, Mingəçevir şəhərində "Aztelekom" İstehsalat Birliyinin təşkilatçılığı ilə "Azərbaycanda internetin bu günü və sabahı" adlı forum keçirilib. Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin (YAP GB) tərəfdaş qismində təmsil olunduğu forum Rabitə və Yüksək Texnologiyalar, Gənclər və İdman, Təhsil Nazirliklərinin dəstəyi və nümayəndələrinin iştirakı ilə keçirilib. YAP GB-dən SİA-ya verilən xəbərə görə, foruma Prezident Adminstrasiyasının rəsmisi, Milli Məclisin deputatları, yerli idarəetmə orqanlarının, əsasən gənclərlərlə işləyən qeyri-hökumət təşkilatlarının, regionda fəaliyyət göstərən ali və orta ixtisas məktəblərinin, İKT sahəsində ixtisaslaşmış regional müəssisə və təşkilatların, həmçinin, regionda xidmət təklif edən özəl internet provayderlərin nümayəndələri də dəvət olunub.

Forum iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə işinə başlayan forumın moderatoru, "Aztelekom" İstehsalat Birliyinin Maliyyə, İqtisadi Təhlil və İnvestisiya şöbəsinin rəisi Faiq Cəfərov iştirakçıları salamladıqdan sonra forumun reqlamentini elan edib.

Milli Qurtuluş günü ərəfəsində bu günün tarixini ehtiva edən film nümayiş olunub.

"Aztelekom" İstehsalat Birliyinin baş direktoru Məhəmməd Məmmədov forumın işinə uğurlar arzulayıb və birliyin genişzolaqlı internetin inkişafı istiqamətində gördüyü işlərə həsr edilmiş qısa videoçarx təqdim olunub.

Layihənin meneceri, "Aztelekom" İstehsalat Birliyinin Marketinq və Satış Departamentinin strateji araşdırmalar şöbəsinin rəisi Mədinə Əliyeva forumın məqsədi barədə məlumat verib. Daha sonra Prezident Adminstrasiyasının Gənclərlə iş üzrə şöbəsinin müdiri Vüsal Quliyev, Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Seymur Orucov, Gənclər və İdman Nazirliyinin yanınnda İctimai Şuranın rəhbəri Nurəddin Mehdiyev, Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdirilması İdarəsinin rəis müavini Ayaz Abışov, Milli Məclisin deputatları Aydın Mirzəzadə, Tahir Rzayev, AMEA İnformasiya Texnologiyaları İnstitutun "İnternetşünaslıq problemləri" sektorunun müdiri Rasim Mahmudov, Azərbaycan İnternet Cəmiyyətinin sədri Qalib Qurbanlı, Çin Xalq Respublikasının "Huawei" şirkətinin nümayəndəsi Tural Zərbəliyev, Sloveniya Respublikasının "İskratel" şirkətinin Azərbaycandakı nümayəndəsi Fərid Nəsibov, "Azedunet" şirkətinin nümayəndəsi Emin Seyidov çıxış edərək forumun işinə uğurlar diləyiblər.

Çıxışlardan sonra forumun 2-ci hissəsi, "Aztelekom" İstehsalat Birliyinin internet layihələri, mərhələlər, perspektivlər" (Moderator – Şahin İsgəndərzadə, "Aztelekom" İstehsalat Birliyinin şöbə rəisi), "İnternetin tarixi" (moderator Etibar Quluzadə - "Aztelekom" İstehsalat Birliyinin proqramçı-mühəndisi), "İnternetdə informasiya təhlükəsizliyi" (moderator Elxan Sadıqlı - "Aztelekom" İstehsalat Birliyinin şəbəkə inzibatçısı), "Proqram təminatı, e-sənəd dövriyyəsi, praktik tətbiqlər (moderator Ədalət Abbasov – "Aztelekom" İstehsalat Birliyinin şöbə rəisi), "İnternetdə PR-ən rolu və əhəmiyyəti" (moderator Leyla Kərimova – Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin layihələr üzrə koordinatoru) mövzuları üzrə debatlar başlayıb.

Canlı diskussiyalar şəraitində keçən debatlarda aktiv iştirakları ilə seçilən gənclərə "Aztelekom" İstehsalat Birliyinin xatirə hədiyyələri təqdim olunub.