Bu gün Milli Gimnastika Arenasında bədii gimnastika üzrə XXX Avropa çempionatına start verilib. SİA-nın məlumatına görə, çempionatda 33 ölkədən 200-dən artıq gimnast birincilik uğrunda mübarizə aparır.
Yarışın ilk günü çempionatın açılış mərasimindən öncə yeniyetmə gimnastlar fərdi proqramla (top və halqa) çıxış edirlər. Açılış mərasimindən sonra isə qrup hərəkətləri üzrə böyüklərdən ibarət komandalar gürz, top və lentlə mübarizə aparacaqlar.
Yeniyetmə gimnastların fərdi proqramla çıxışında A və B qruplarının yekununa əsasən turnir cədvəlinə Azərbaycan gimnastı başçılıq edir. Jalə Piriyevanın hesabında 31,466 xal var. Milli komandamızın digər üzvü Züleyxa İsmayılova isə (30,349 xal) 3-cü pillədə yer alıb. 2-ci yerdə 31.249 xalla Belarus təmsilçisi Mariya Trubaç qərarlaşıb.
Komanda hesabında isə 1-ci yerdə 62.923 xalla Belarus, 2-ci yerdə 62.366 xalla Rusiya, 3-cü yerdə isə 61.815 xalla Azərbaycan komandası yer alıb.