Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında unudulmaz sənətkar, SSRİ Xalq artisti Rəşid Behbudovun xatirə gecəsi keçirilib. SİA-nın xəbərinə görə, sənətkarın adını daşıyan 2 saylı onbirillik musiqi məktəbinin şagirdləri öz çıxışları ilə dahi müğənnini yad ediblər.
Konserti məktəbin xalq çalğı alətləri orkestrinin şagirləri açaraq rəngarəng musiqi nümunələri ilə çıxış ediblər. Konsert proqramına Üzeyir Hacıbəylinin, Tofiq Quliyevin, Vasif Adıgözəlovun, Emin Sabitoğlunun, Hazim Rzayevin əsərləri ilə yanaşı bir sıra Avropa və rus bəstəkarlarının da əsərləri daxil edilib.
Konsertdə məktəbin şagirdləri fortepiano, tar, kamança, skripka, fleyta, gitara alətlərində ifa edib, konsertdə respublika müsabiqələri laureatları və diplomantları, Prezident təqaüdçüsü, həmçinin məktəbin skripkaçalanlar ansamblı iştirak ediblər. Eyni zamanda 2013 "Uşaq Eurovision" mahnı müsabiqəsinin iştirakçısı Rüstəm Kərimovun vokal və instrumental ifası təqdim edilib.
Konsertin sonunda məkltəbin məzunu gənc vokalçı Sadıq Məlikovun ifasında ölməz sənətkar Rəşid Behbudovun repertuarından təqdim olunan musiqi nömrələri tamaşaçılar tərəfindən böyük maraqla dinlənilib.
Daha sonra məktəbin direktoru Qəmər Quliyeva çıxış edərək konsertdə iştirak edən bütün şagirdlərin və onların yetişməsində rolu olan bütün müəllimlərin əməyini xüsusilə vurğulayıb: "Hər il iyunun 9-da görkəmli müğənni Rəşid Behbudovun xatirə günü onun adını daşıyan musiqi məktəbinin şagirdlərinə rəhbərlik tərəfindən böyuk imkan yadadılır və şagirdlərimiz öz ifaları ilə təkrarolunmaz sənətkarı layiqincə yad edirlər".
Sonda Rəşid Behbudovun ifasında "Azərbaycan" mahnısı səsləndirildi və zalda əyləşən bütün qonaqlar ayağa qalxaraq musiqi sədaları altında unudulmaz sənətkarın xatirəsini yad ediblər.