FHN əməkdaşları Qazaxıstanda seminarda iştirak ediblər

9 İyun 2014 16:03 (UTC+04:00)

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin bir qrup (10 nəfər) əməkdaşı Qazaxıstan Respublikasında keçirilən "KAZPAS-2014" Xilasetmə bölmələrinin 19-cu Beynəlxalq toplanış-seminarında iştirak edib.

FHN-dən SİA-ya verilən məlumata görə, adıçəkilən təlimdə iştirak etmək üçün təlim yerinə Xüsusi Riskli Xilasetmə Xidməti tərəfindən aidiyyəti sahələr üzrə tətbiqi nəzərdə tutulan alət və avadanlıqların çatdırılması təmin olunub.

"KAZPAS-2014" Xilasetmə bölmələrinin 19-cu Beynəlxalq toplanış-seminarı Qazaxıstan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Kapşaqay rayonunda yerləşən "Dağ şəhərciyi" adlanan təlim-məşq mərkəzində keçirilib və bu seminarda 8 dövlətin (Azərbaycan, Almaniya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Rusiya və Çin) 22 komandası iştirak edib.

"KAZPAS-2014" Xilasetmə bölmələrinin 19-cu Beynəlxalq toplanış-seminarının rəsmi açılış mərasimi, mandat komissiyası və komandaların püşk atması olub.

"KAZPAS-2014" Xilasetmə bölmələrinin 19-cu Beynəlxalq toplanış-seminarının müşavirəsində iştirakçılara Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Xüsusi Riskli Xilasetmə Xidmətinin fəaliyyəti haqda məlumat verilib və videoçarxlar nümayiş etdirilib.

Azərbaycan FHN-in xilasetmə komandası "KAZPAS-2014" Xilasetmə bölmələrinin 19-cu Beynəlxalq toplanış-seminarında bütün mərhələlərdə iştirak edərək 22 komanda arasında III yerə layiq görülüb, diplom və təltiflərlə mükafatlandırılıb.