Şeyxülislam: “Səudiyyə Ərəbistan Azərbaycana qarşı hər zaman qardaşlığını davam etdirir”

5 İyun 2014 13:03 (UTC+04:00)

"Səudiyyə Ərəbistanı Azərbaycan müstəqillik əldə etdikdən sonra verdiyi sözünə həmişə əməl edib. Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti, Qarabağı işğal etməsi məsələsində həmişə bizim yanımızda olub". SİA-nın xəbərinə görə, bu sözləri, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə Səudiyyə Ərəbistanı parlamentinin Azərbaycanla dostluq qrupunun üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən deyib.

Şeyxülislam vurğulayıb ki, Ermənistan tərəfindən dəfələrlə Səudiyyə Ərəbistanla əlaqələrin qurulmasına, səfirliklərin açılmasına cəhd göstərilsə də Səudiyyə Ərəbistan Azərbaycana qarşı hər zaman qardaşlığını davam etdirir: "Buna görə mən Azərbaycan xalqı adından sizə minnətdarlığımı bildirirəm. Azərbaycanla Səudiyyə Ərəbistanı arasında əlaqələr daim inkişaf edir. Bu sahədə hər iki ölkənin səfirliklərinin xüsusi rolu var".

Xatırladaq ki, görüşdə Milli Məclisin Azərbaycan-Səudiyyə Ərəbistanı dostluq qrupunun üzvləri də iştirak ediblər.