Facebook: "Hindistan ABŞ bazarından sonra ikinci iri bazardır"

4 İyun 2014 21:10 (UTC+04:00)

"Facebook" Hindistanın sosial şəbəkə üçün ABŞ bazarından sonra ikinci iri bazar olmasını açıqlamışdır. Belə ki, Hindistan artıq bir istifadəçinin aktivlik göstəricisinə görə liderlik edir. Hazırda "Facebook"da 114 milyon Hindistan istifadəçisi qeydiyyatdan keçmişdir. Şirkət nümayəndələri bildirirlər ki, sosial şəbəkədə hindistanlı istifadəçilərin əksəriyyəti texniki təhsilə malik və ya bu istiqamət üzrə təhsil alan insanlardır.

Qeyd olunur ki, Hindistanda istifadəçi bazasının artması dayanmasa, 2017-ci ilədək bu ölkə "Facebook" istifadəçilərinin sayına görə ABŞ-ı geridə qoyacaqdır.

"Facebook Asia Pacific"in vitse-prezidenti Den Niri bildirmişdir ki, hazırda Hindistan bazarında əsas aparıcı qüvvə mobil texnologiyalardır.

Hesablamalara görə, hazırda hindistanlı "Facebook" istifadəçilərinin 84 faizi sosial şəbəkəyə mobil telefonlar vasitəsilə daxil olur.

Qeyd edək ki, bu yaxınlarda "Twitter" mikrobloqlar servisi də Hindistanda trafikin sürətlə artmasını bildirmişdir.

"Facebook" nümayəndələri vurğulayırlar ki, hazırda ABŞ-da sosial şəbəkənin istifadəçi bazasının rüblük artımı 1 milyon nəfər təşkil edir ki, bu da Asiya-Sakit okean regionunun inkişaf dinamikasından xeyli aşağıdır. Həmçinin qeyd olunur ki, "Facebook"un ABŞ-da istifadəçi bazasının artım dinamikası 2012-ci ildən durmadan azalır.