“Mən Yaradırm!” layihəsinin sərgisi keçirilib

4 İyun 2014 18:18 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən "Mən Yaradıram!" (yaradıcılıq sərgisi) layihəsinin sərgisi keçirilib. SİA-nın məlumatına görə, sərgidə Təhsil Nazirliyinin "De-İnstitutlaşma" söbəsinin müdiri Həbib Kərimov, Sabunçu Rayon İcra Hakimiyyətinin nümayəndələri, ictimaiyyət nümayəndələri, tələbələr, QHT və KİV təmsilçiləri iştirak ediblər.

Sərgini giriş söz ilə açan layihə rəhbəri Tərlan Səfərov bildirib ki, layihənin əsas məqsədi valideyn himayəsindən məhrum olmuş yeniyetmə və gənclərin bacarıqlarını ictimaiyyətə təqdim etmək və cəmiyyətin onlara diqqətini artırmaqdan ibarətdir. "Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın Birinci Xanımı Mehriban xanım Əliyeva tərəfindən paytaxtımızda və bölgələrimizdə olan kimsəsiz uşaq və yeniyetmələrin məskunlaşdığı Uşaq evləri və İnternat məktəblərində yaradılmış yüksək şərait onlara öz bacarıqlarını göstərməyə imkan verib. Bunun nəticəsində onların çəkdikləri rəsmlər, hazırladıqları əl işləri ortaya çıxıb. Həmin əsərlərin hər biri saf düşüncənin məhsulu kimi maraqlı və gözəldir. Bu məqsədlə də diqqəti bu kateqoriyadan olan gənclərə cəlb etmək üçün "Mən Yaradıram!" layihəsi çərçivəsində 11 saylı xüsusi İnternat məktəbində yaşayan və təhsil alan yeniyetmə gənclərin bacarıqlarını aşkarlayaraq və onların əl işlərindən ibarət sərgi təşkil edilib.

Sonra 11 saylı xüsusi İnternat məktəbinin direktoru Gülnarə Abdullayeva çıxış edərək layihənin əhəmiyyətindən danışıb. O bildirib ki, layihə məhz bu kateqoriyadan olan gəncləri əhatə edir: "Onların yaratdıqları əl işlərinə diqqət yetirilir və dəyər verilir. Buna görə də bu layihəni hazırladığına görə, layihə rəhbəri Tərlan Səfərova və bu layihəni dəstəklədiklərinə görə Azərbaycan Gənclər Fonduna uşaqlar adından öz təşəkkürümü bildirirəm".

Sonra çıxış edən "Yeni Həyat" Humanitar və Sosial Dayaq İctimai Birliyinin Sədri Nailə İsmayılova bildirib ki, bu gün Uşaq evlərində, İnternat məktəblərində yaşayan və tərbiyə alan gənclərə Heydər Əliyev Fondunun rəhbəri Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın xüsusi diqqət və qayğısı var. Bu qayğının nəticəsidir ki, bu gənclər milli mənəvi dəyərlərimizə, dövlətçiliyimizə, tariximizə və mədəniyyətimizə dəyər verərək bu cür müxtəlif mövzularda gözəl əl işləri, rəsm əsərləri yaradırlar.

Qeyd edək ki, sərginin sonunda "Mən Yaradıram!" layihəsində fəal iştirak edən yeniyetmə və gənclərə yaradıcılıq fəaliyyətinə görə diplomlar təqdim edilib.