Zakir Həsənov gəncləri təbrik edib

31 May 2014 15:08 (UTC+04:00)

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Respublika gənclərinin VII forumunun keçirilməsi münasibətilə Silahlı Qüvvələrdə xidmət edən gəncləri təbrik edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, nazir Respublika gənclərinin VII forumunun keçirilməsi münasibətilə gəncləri təbrik edib, vətənimizin müdafiəçiləri və ölkəmizin gələcəyinin təminatçıları kimi onlara ən xoş arzularımı çatdırıb.

Gənclər forumunun ilk dəfə mərhum prezident Heydər Əliyev tərəfindən təşkil olunmasını və müvəffəqiyyətlə keçirilməsini xatırladan Z.Həsənov bu forumun gənc nəslin həyatında əlamətdar hadisəyə çevrilən, müstəqil respublikamızın möhkəmlənməsində, onun inkişafında və gündən-günə çiçəklənməsində gənclərin mühüm qüvvə olduğunu sübuta yetirdiyini qeyd edib.

Bildirilib ki, bu gün ordu quruculuğu uğurla davam etdirilən respublikamızın müdafiə qüdrəti daha da artıb: "Ordu sıralarında xidmət edən bütün gənclər respublikamızın ərazi bütövlüyünün bərpası naminə Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin hər bir əmrini yerinə yetirməyə hazırdır".