İsveçrə prezidenti ilə Roma Papası Azərbaycan Prezidentini təbrik etdilər

27 May 2014 17:00 (UTC+04:00)

İsveçrə Konfederasiyasının prezidenti Didye Burkhalter Azərbaycan prezidenti İlham Əliyevi 28 May-Respublika Günü münasibəti ilə təbrik edib. SİA-nın məlumatına görə, təbrik məktubunda deyilir:

"Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə İsveçrə Federal Şurası adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırır, Sizə möhkəm cansağlığı və ölkənizin rifahı naminə fəaliyyətinizdə uğurlar arzu edirəm. İcazə verin, İsveçrənin Azərbaycan ilə siyasi, iqtisadi və mədəni sahələrdəki dostluq əlaqələrini gələcəkdə də inkişaf etdirməkdə maraqlı olduğunu bir daha təsdiqləyim. Bu xoş fürsətdən istifadə edərək bildirirəm ki, ATƏT-in fəaliyyətdə olan sədri və Konfederasiyanın prezidenti kimi 2014-cü il iyunun 2-də Azərbaycana səfərimi və Sizinlə ölkələrimiz arasındakı dostluq əlaqələrini daha da gücləndirəcək və dərinləşdirəcək görüşümüzü səbirsizliklə gözləyirəm".

28 May-Respublika Günü münasibəti ilə Azərbaycanın dövlət başçısını həmçinin Roma Papası Fransisk təbrik edib.

"Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə və xalqınıza ən səmimi arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Qoy, Tanrı xalqınıza sülh, firavanlıq və gözəl həyat bəxş etsin. Ulu Tanrının nəzərləri xalqınızın, Sizin və hökumətinizin başı üzərindən heç vaxt əskik olmasın", - deyə Roma Papası Fransiskin məktubunda bildirilir.