"Avropa insanları guya ki, elektron sistemlər qarşısında qoyaraq əvəzində kifayət qədər bürokratik sistemdən irəli gələn korrupsiya labirintində gizlənibdir və mahiyyətcə, bu proses hesabatdan da göründüyü kimi onların cəmiyyətlərinin maraqlarına, həyatlarına, büdcələrinə zərbə vurmaqdadır". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Zahid Oruc Avropa İttifaqının daxili siyasət üzrə komissarı Sesiliya Malstermin Avropa ölkələrində korrupsiya faktlarına dair verdiyi hesabatına və həmin ölkələrin zaman-zaman Azərbaycandan şəffaflıq tələb etmələrinə münasibətini bildirərkən deyib.
Millət vəkilinin sözlərinə görə, həqiqətən də Avropanın idarəçilik sistemlərində, seçkilərində, lobbi birliklərində müxtəlif maraqları həyata keçirməkdə, ayrı-ayrı ölkələr əleyhinə və yaxud da lehinə səsvermələrdə siyasi korrupsiya elementləri geniş şəkildə yayılıbdır: "Əlbəttə, onların ictimai həyatında bu amil özünü çox da göstərmir. Yəni məişət korrupsiyası onlarda yoxdur. Həqiqətən də, istənilən halda avropalı insanlar öz həyatlarında işlərini çox rahat şəkildə həyata keçirirlər və bu, qeyri-adi hal kimi təzahür eləmir. Lakin elə ki, daha dərin məsələlərdə, çoxmilyonlu layihələrə daxil olduqda burada protektionizm və başqa bu kimi hallar özünü qabarıq şəkildə nümayiş etdirir. Ona görə də zənn edirəm ki, elə bir dövlətlərin Azərbaycan qara siyahıya salması və ayrı-ayrı ultimativ bəyanatlar verməsi yanlışdır və buna onların mənəvi əsasları yoxdur".
Rövşən Nurəddinoğlu