"Babamızın babasının babası" - Hüseynağa Sadıqovun 100 illiyi qeyd edilib

21 May 2014 10:13 (UTC+04:00)

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə görkəmli sənətkar, unudulmaz teatr və kino aktyoru, xalq artisti Hüseynağa Sadıqovun anadan olmasının 100 illik yubileyinə həsr edilmiş təntənəli xatirə gecəsi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, teatr tənqidçisi, sənətşünaslıq doktoru, professor İlham Rəhimli, elm və mədəniyyət xadimləri, mərhum sənətkarın yaxınları iştirak ediblər.

Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Hüseynağa Sadıqovun Azərbaycan mədəniyyətində özünəməxsus yer tutduğunu xüsusilə diqqətə çatdırıb: "Teatr və kino sahəsində Hüseynağa Sadıqov seçilməyi bacarıb. Uşaqların sevimli səhnə personajları ayı, tülkü, xoruz rolundan tutmuş, el qəhrəmanlarına qədər ən mürəkkəb obrazların ifasında uğurlar qazana bilib. Ancaq satirik və karnaval estetikalı yumoristik obrazların ifasında aktyorluq imkanları daha bədiiliklə seçilib. Bir çox sevimli filmlərimizdə eşitdiyimiz səslərdən biri də xalq artisti Hüseynağa Sadıqovun bənzərsiz səsi idi".

Daha sonra xalq artistinin qızı Tamilla Sadıqova da atası ilə bağlı xatirələrini bölüşüb: "Atam yaşından asılı olmayaraq hər kəsin sevimisi olub. Onu tez itirməyimizə baxmayaraq, onun hələ də unudulmadığına sevinirəm. O, daim xalqın yaddaşında qalacaq".

Gecədə çıxış edənlər H.Sadıqovun Azərbaycan mədəniyyətinə verdiyi töhfələrdən danışmış və onunla bağlı xatirələrini bölüşüblər.
Teatr tənqidçisi, sənətşünaslıq doktoru, professor İlham Rəhimli Azərbaycan teatrı tarixində silinməz izləri olan Hüseynağa Sadıqovun səhnəyə gəlişindən, oynadığı rollardan, örnək səhnə sevgisindən danışıb. Bildirib ki, Hüseynağa Sadıqov XX əsr Azərbaycan teatrı tarixinə böyük aktyor kimi düşüb: "O, səhnə fəaliyyəti dövründə tamaşaçılar tərəfindən sevilmiş, fəxri adlar almış, ən əsası isə xalqın qəlbində özünə əbədi yer qazanıb. Onun filmlərinə, televiziya tamaşalarına baxanda aydın hiss edirsən ki, aktyor klassik səhnədən bəhrələnib".
Diqqətə çatdırılıb ki, Hüseynağa Sadıqov teatr səhnəsində olduğu kimi, kinoda da bənzərsiz obrazları ilə tamaşaçıların sevimlisinə çevrilib. O, "Azərbaycanfilm" Kinostudiyasında "Sehrli xalat", "Səhər", "Yeddi oğul istərəm", "O qızı tapın", "Yenilməz batalyon", "Telefonçu qız", "Babamızın babasının babası", Moskvadakı M.Qorki adına kinostudiyada çəkilmiş "Ələddinin sehrli çırağı" və digər ekran əsərlərində müxtəlif səpkili obrazlar yaradıb.

Qeyd edək ki, xatirə gecəsində Hüseynağa Sadıqovun quruluş verdiyi "Tamahkar" tamaşası, həmçinin aktyorun çəkildiyi filmlərdən parçalar nümayiş olunub.