Bir səfirin müsahibəsi

19 May 2014 19:20 (UTC+04:00)

ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarın "Azadlıq" radiosuna verdiyi müsahibə qeyri-obyektiv və qərəzli olduğu qədər də təhlükəlidir. Məsələ ondadır ki, ABŞ-ın regionda mövcudluğunu həzm edə bilməyən daxili və xarici qüvvələr səfirin bu müsahibəsində səsləndirdiyi fikirlərdən fərqli nəticələr çıxarar və öz fəaliyyətlərini fəallaşdırmaq üçün həmin mövqeni bir siqnal kimi qəbul edə bilərlər. Bu reallıq isə ilk növbədə ABŞ-ın region maraqlarını ciddi sual altına qoymuş olar. Səfirin müsahibəsində Ukrayna hadisələrinin Azərbaycana transformasiyasından tutmuş, ölkəmizdə insan hüquqları sahəsində ciddi problemlərin olmasınadək, Azərbaycan-Rusiya, Azərbaycan-İran münasibətlərinə fərqli çalarlar verməkdən başlamış ta Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin həlli yolları ilə bağlı rəsmi Vaşinqtonun mövqeyinədək məsələlər ətrafında reallığın təhrif olunduğu yanaşmalar əks olunmuşdur.

Səfirin statusuna uyğun olmayan səviyyədə kəskin və emosional davranışı fonunda Azərbaycan Respublikası Prezident Administrasiyası rəhbərinin müavini, beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun həmin müsahibəyə cavab reaksiyası kifayət qədər təmkinli, arqumentli, məntiqli və sistemlidir. Cənab Novruz Məmmədov yüksək ranqlı dövlət məmuru olaraq fikirlərində yalnız təsdiqlənmiş faktlara istinad edir. Başqa cür ola da bilməz. Deməli, onun "Hamı çox yaxşı bilir ki, Ukraynada meydan hadisələrini yaradan məhz ABŞ-ın özüdür. Dünya mətbuatı bu məsələlər barədə ətraflı yazılar dərc edib. Sadəcə olaraq qeyd etmək istəyirəm ki, 2013-cü ildə Azərbaycanda da müxalifətçi gənclərin istifadə etmək istədikləri "Molotov kokteyl"ləri ABŞ-ın dəstəyi ilə hazırlanıb", - fikirlərinin yalnız dəqiq və son dərəcə etibarlı mənbələrə malik olmaqla söylənildiyi faktı mübahisə predmeti ola bilməz.

Cənab Novruz Məmmədovun bu müsahibəyə özünün qeyd etdiyi kimi, bir rəsmi dövlət nümayəndəsi olaraq cavab vermişdir. Mən də ABŞ-ın tarixi və xarici siyasəti üzrə ixtisaslaşmış tədqiqatçı olaraq öz mövqeyimi ifadə etmək istəyirəm. Əsas diqqətimi bir məsələ üzərinə cəmləşdirmək niyyətindəyəm. Bu da guya ki, Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı ciddi narahatlıqların olması haqqında səfirin mövqeyinə münasibətimdir. Bu müsahibədə Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı səfirin narahatlığının ifadə olunduğu mövqeyində real vəziyyətə nəinki adekvat deyil, əksinə birbaşa ölkəmizin daxili işlərinə qarışmaq anlamını özündə ehtiva edir. Bəlkə də, beynəlxalq hüququn deyil, gücün hüququnun işlədiyi müasir dünya gerçəkliyində səfiri bir halda qınamamaq olardı. O da səfirin təmsilçisi olduğu dövlətin dünyada insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində nümunəvi davranış tərzi nümayiş etdirməsi halında mümkün idi. Reallıq isə başqa həqiqəti ortaya qoyur. Bu yerdə Napoleonun "kimin nədə problemi varsa, o haqda daha çox öyüd-nəsihət verir" kəlamını xatırlamaq yerinə düşür. Əslində insan haqlarının müdafiəsi ilə bağlı ABŞ-ın başqalarına dərs keçməsinə mənəvi haqqı yoxdur. Niyə? Faktlar və arqumentlərin natamam təqdimatı belə bu nəticəni labüd edir. Onları səfir Riçard Morninqstarın diqqətinə çatdırırıq:

Əvvəla, ABŞ-da "Ku-kluks-klandan ta Quantanama"ya qədər insan haqlarının pozulması deyil, hədəfində insanın tam hüquqsuz vəziyyətə salınaraq cismani məhvinə ünvanlanmış siyasət artıq "top secret" qrifi altından "azadlığa" çıxımışdır. Bu məlumatlar artıq hər kəsə bəllidir. İkincisi, ABŞ insan alverinə, fahişəliyə məcbur etməyə, irqi diskirminasiyaya və insanların oğurlamasına qadağa qoyan beynəlxalq konvensiyaları hələ də ratifikasiya etməmişdir. ABŞ insan hüquqlarının müdafiəsi ilə bağlı 9 əsas beynəlxalq sənəddən yalnız 3-ü ilə bağlı üzərinə öhdəlik götürdüyünü bəyan etmişdir. Üçüncüsü, ABŞ-da ksenofobiya və irqçilik qorxulu səviyyədə inkişaf tempinə malikdir. Sosioloqlar hesab edirlər ki, ABŞ əhalisinin 15-20%-ni ksenofob adlandırmaq olar. Təxminən o qədər də amerikalının düşüncəsinə görə islam dininin daşıyıcıların bu və ya digər formada hökumətdə təmsilçiliyinə imkan vermək olmaz. Dördüncüsü, ABŞ-da uşaq hüquqlarının qorunması ilə bağlı vəziyyət narahatlıq doğurmaya bilməz.

Ölkənin 15 ştatında qanunvericilik qaydasında uşaqlara bədən cəzası verilməsinə icazə verilir. Onlara cəza verilərkən yeməkdən məhrumetmə, naşatır spirtinin tətbiqi və s. kimi qeyri-insani təzyiq vasitərindən istifadə olunur. Beşincisi, ABŞ-da söz azadlığının qorunması sahəsində ciddi problemlər mövcuddur. 2012-ci ilin yanvar ayında "Sərhədsiz repartyorlar" təşkilatı bu sahədə ABŞ-ın reytinqini 27 bənd üzrə aşağı salmışlar. 2013-cü ildə mətbuat azadlığının qlobal indeksində ABŞ 47-ci mövqedə dayanmışdır. "Uol-striti zəbt et" hərəkatının aksiyalarını işıqlandıran jurnalistlərə qarşı polisin assimmetrik davranışına cavab olaraq ABŞ-ın bu sahədə beynəlxalq reytinqi aşağı salınmışdır.

Həmin dövrdə 80-dən artıq jurnalist polisin qəddar davranışının hədəfində olduğu elə ABŞ-ın öz KİV-nin yaydığı məlumatlardan bəllidir. Altıncısı, Çin Xalq Respublikası 2013-cü ildə ABŞ-da insan hüquqlarının vəziyyəti ilə bağlı 2014-cü ildə yaydığı hesabatda qeyd olunur ki, ölkədə bu sferada vəziyyət getdikcə pisləşməkdədir. Hesabatda vurğulanır ki, ABŞ bugünədək uşaq, ana və əlillərin hüquqlarının müdafiəsi ilə bağlı beynəlxalq konvensiyalara qoşulmamışdır. Hesabatda göstərilir ki, ABŞ xüsusi xidmət orqanların uzun müddət ərzində PRİSM xəfiyyə proqramından istifadə etməsi beynəlxalq hüquq və insan hüquqlarının kobud şəkildə pozulmasıdır. Burada xüsusi olaraq vurğulanır ki, ABŞ-ın dünyanın müxtəlif ölkələrində pilotsuz uçuş aparatlarından istifadəsi dinc əhali arasında çoxsaylı itkilərlə müşayiət olunmuşdur. O cümlədən 2004-cü ildən Pakistanda ABŞ pilotsuz təyyarələri 376 uşuş həyata keçirmiş və nəticədə 926 nəfər dinc insan həlak olmuşdur.

Bu yerdə ABŞ-ın "qurucu ataları"ndan olan Bencamin Franklinin və Tomas Ceffersonun məşhur deyimlərini xatirlamamaq mümkün deyildir. Bencamin Franklinin fikrincə, ABŞ üçün "Demokratiya- iki qurdun və quzunun axşam yeməyinə nəyin yeyiləcəyini səsə qoymaları anlamındadır...". Təbii ki, bu halda "demokratik" səsvermə nəticəsində 2/1 nisbətində quzu "hüquqları qorunmaqla", "demokratik yolla" qurdların həzmi-rabesindən keçəcəkdir. Tomas Ceffersonun qənaətinə görə isə ABŞ üçün "Azadlıq-yaxşı silahlanmış quzunun həmin səsvermənin nəticələrinə yenidən baxılmasına nail ola bilməsi anlamında qəbul edilməlidir". Zənnimizcə, ABŞ siyasi sisteminin yaradıcılarının bu fikirlərinin əlavə şərhə ehtiyacı yoxdur. Səfirin "demokratiya dərsi"nə cavab olaraq onu da xatırlatmaq yerinə düşər ki, ABŞ-da seçki prosesində beynəlxalq müşahidəçilərin iştirakı formal xarakter daşıyır və çoxsaylı məhdudiyyətlərlə müşahidə olunur. Yalnız Missuri, Nyu-Meksika və Cənubi Dakota ştalarında, o cümlədən Kolumbiya federal dairəsində beynəlxalq müşahidəçilərin seçki prosesini izləmələrinə icazə verən qanunlar qəbul edilmişdir.

Beynəlxalq müşahidəçilər öz fəaliyyətlərində beynəlxalq hüququn ümümi qəbul edilmiş prinsiplərini deyil, məhz ABŞ-ın hüquqi aktlarını əsas götürməyə məcburdurlar.

Fikrimizin təsdiqi kimi, Texas ştatının prokuroru Qreq Ebbotun bəyanatını misal gətirə bilərik. Prokuror ATƏT DTİHB-in tərkibində olan müşahidəçilərin seçki məntəqlərinə 30 metrdən artıq yaxınlaşacağı təqdirdə onların cinayət məsuliyyətinə cəlb ediləcəkləri barədə xəbərdarlıq etmişdir. Həmin qurumun rəhbərinə prokurorun ünvanladığı məktubdakı aşağıdakı fikirlər xüsusi olaraq diqqəti cəlb edir: "Əgər ATƏT-in üzvləri öz demokratik sistemlərini yaxşılaşdırmaq üçün ABŞ seçki hüququ haqqında daha çox öyrənmək istəyirlərsə, bu halda Texas hakimiyyəti ilə müzakirələr aparmalıdırlar. ABŞ-ın hüdudları kənarından gəlmiş qrup və ya ayrı-ayrı şəxslərin bizim seçki prosesinə təsir etmək və ya ona müdaxilə etmək hüququ yoxdur." DTİHB-in seçki prosesində şəxsiyyət vəsiqələrindən istifadənin vacibliyi ilə bağlı iradına Texas prokurorunun orijinal cavabına diqqət yetirək: "ATƏT-in öz mövqeyi ola bilər, lakin bu mövqe ABŞ ərazisində heç bir hüquqi qüvvəyə malik deyildir." Sitatın sonu.

Nəhayət sonda cənab səfir Riçard Morninqstara onu xatırladaq ki, ABŞ-ın 237 illik demokratiya tarixi və ənənələrinə malik olaması haqqında iddiaları da görünür əsil reallığa tərs mütənasibdir. Öz gözündə "tiri" görməyən ABŞ başqalarının gözündə "qıl" axtarır və qısa zaman ərzində "demokratiyanın triumfunu" tələb edir. Davranış və fəaliyyətində amiranəliyə və "əzələ nümayişinə" üstünlük verən və elə bu səbəbdən də haqlı olaraq dünya ictimaiyyətində getdikcə daha çox mənfi assosiasiya ilə qəbul edilən ABŞ unutmamalıdır ki, təkcə konstitusiyanı qəbul etmək üçün ona 11 il (1787-ci il), ölkəni köləlikdən azad etmək üçün 89 il (1865-ci il, konstitusiyaya 13-cü düzəliş), qadınlara səs hüququ vermək üçün 144 il (1920-ci il, konstitusiyaya 19-cu düzəliş) və bütün vətəndaşları qanun qarşısında bərabər etmək üçün düz 188 illik (1964-cü il, konstitusiyaya 24-cü düzəliş) zaman kəsiyi lazım olmuşdur. Təəssüf ki, demokratik dövlət quruculuğu yolunda atdığı bütün bu geçikmiş addımlar belə ABŞ-ı demokratiyanın örnəyi ola biləcək bir dövlətə çevirə bilməmişdir.