Azərbaycan Avropa Şurası Nazirlər Komitəsinə sədrliyə başladı FOTOLAR

19 May 2014 12:20 (UTC+04:00)

Azərbaycan Respublikası Avropa Şurası Nazirlər Komitəsində sədrliyə başlayıb. SİA-nın məlumatına görə, ölkəmiz müstəqillik tarixində ilk dəfə bu mötəbər quruma rəhbərlik edəcək. 6 ay davam edəcək sədrlik bir sıra mədəni tədbirlərlə də müşayiət olunacaq.

Azərbaycanın AŞ Nazirlər Komitəsinə sədrliyə rəsmən başlaması münasibətilə Strasburqun Musiqi və Konqres Sarayında virtuoz ifaçı İsfar Sarabskinin etno-caz konserti olub. Tədbir Azərbaycan Respublikasının Avropa Şurası yanındakı daimi nümayəndəliyinin təşəbbüsü və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə baş tutub.

Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi səfir Emin Eyyubov tədbirdə çıxış edərək ölkəmizin bu nüfuzlu quruma sədrliyi dövründə müxtəlif tədbirlərin təşkil olunacağını bildirib, konsertin də məhz bu əlamətdar hadisəyə həsr olunduğunu diqqətə çatdırıb. İsfar Sarabskinin 2009-cu ildə Montrödə keçirilən beynəlxalq caz festivalının qalibi olduğu bildirilib, müasir cazla xalqımızın ənənəvi muğam musiqisinin sintez edilərək etno-caz musiqisinin yaranması barədə tamaşaçılara məlumat verilib. Diplomat eyni zamanda Türkiyədə kömür mədənində baş vermiş faciə ilə əlaqədar başsağlığı verib, belə ağır məqamda azərbaycanlıların qardaş türk xalqı ilə həmrəy və dərdlərinə şərik olduqlarını bildirib.

Konsertdə İ.Sarabskinin triosu ( İsfar Sarabski - piano, Aleksandr Maşın - zərb, Makar Novikov - bas), kvartet (Aleksey Miltıx - violonçel, İlqar Rzayev - skripka, Umida Abasova - skripka, Osman Eyubov - skripka) və tar ifaçısı Şəhriyar İmanov tamaşaçılara gözəl konsert proqramı təqdim ediblər. Onların çıxışları rəğbətlə qarşılanıb. Tədbirdə Avropa Şurasının rəsmləri, bu qurumda və Strasburqda akkreditə olunan diplomatik korpusun əməkdaşları, şəhərin nümayəndələri, Azərbaycan və türk diasporlarının təmsilçiləri, yerli və xarici jurnalistlər, Strasburq Universitetində təhsil alan tələbələrimiz iştirak ediblər.

Qeyd edək ki, sonda ziyafət verilib. İştirakçılar Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanovun rəhbərliyi ilə aşpaz qrupu tərəfindən təqdim olunan Azərbaycan mətbəxinin ləziz təamlarını dadıblar.