Valeriya Rosso: "Karyeramı Azərbaycanın voleybol klubunda davam etdirəcəyim üçün məmnunam"

18 May 2014 17:12 (UTC+04:00)

İtaliya mətbuatı bu ölkənin məşhur voleybolçusu Valeriya Rossonun Azərbaycanın qadınlardan ibarət "Lokomotiv" voleybol klubuna transferini diqqət mərkəzində saxlayır. Bununla bağlı yazılarda qeyd edilir ki, 183 santimetr boyu olan 33 yaşlı hücumçu Valeriya Rosso son üç ildə çimərlik voleybolunda çıxış edib. O, son olaraq İtaliyanın "Novaro" klubunun heyətində oynayıb.

Məqalələrdə karyerasına Azərbaycan komandasında davam edəcək məşhur voleybolçu V.Rossonun sözlərinə də yer verilib. O deyib: "Karyeramı sürətlə inkişaf edən Azərbaycanın voleybol klubunda davam etdirəcəyim üçün məmnunam. Daha öncə Bakıda olmamışam. Lakin bu ölkədə voleybolun sürətlə inkişaf edən idman növü olduğunu bilirəm. Azərbaycanın "Lokomotiv" klubu mənə daha çox perspektiv vəd edir".