Soma bölgəsində yerləşən mədəndəki faciə ilə bağlı aparılan araşdırmalar ötən gün başa çatdı. SİA-türk mətbuatına istinadən verdiyi xəbərə görə, son əməliyyat zamanı daha 15 işçinin cəsədi tapılıb. Ümumilikdə isə, əməliyyat nəticəsində mədəndən 485 nəfərin xilas edildiyi, 301 nəfərin isə cəsədinin çıxarıldığı bildirilir.
Qəzanın beşinci günündə açıqlama verən Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız mədənin içərisində heç kimin qalmadığını və əməliyyatın başa çatdığını söyləyib.
Nazir mətbuata açıqlamasında Somada baş verənləri acı bir örnək adlandırıb: "Somada baş verənləra acı bir örnəkdir. Bundan sonra mədənçilik və bu sekorla bağlı buradan dərs alacağımız çox şey var".
Son 3 ildə qaydalara əməl edilmədiyi üçün 114 mədənin bağlandığını xatırladan T.Yıldız "Mədən qanunun"da dəyişiklik edəcəyini də dilə gətirib.