Arif Quliyev 64 yaşını qeyd edir FOTOLAR

16 May 2014 12:28 (UTC+04:00)

Bu gün Azərbaycanın xalq artisti, gülüş ustası, hər kəsin sevimlisi Arif Quliyevin doğum günüdür. SİA-nın məlumatına görə, xalq artisti 64 yaşını qeyd edir.

Arif Quliyev 1950-ci il mayın 16-da Şirvan şəhərində anadan olub. 1965-ci ildə Bakı Mədəni-Maarif Texnikumunun "Dram və kino aktyorluğu" fakültəsinə daxil olub. 1968-ci ildə texnikumu bitirib, Mingəçevir Dövlət Dram Teatrına təyinatla işləməyə göndərilib.

1973-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Musiqili komediya aktyorluğu" fakültəsinə daxil olub. 1975-ci ildə Musiqili Komediya Teatrına dəvət olunub. 1979-cu ildə o, İncəsənət İnstitutunu bitirib.

A.Quliyev müxtəlif səpgili və müxtəlif xarakterli obrazlar yaradıb. Teatr səhnəsində ifa etdiyi Şərbətəli (S.Dağlı, C.Cahangirov, "Təzə gəlin"), Salyanski (F.Əmirov, M.Əlizadə, "Gözün aydın"), Əli (M.Şamxalov, Z.Bağırov, "Qaynana"), Dursun (S.Rüstəmov, S.Rüstəmov, "Durna"), Mürsəl (S.Ələsgərov, S.Qədirzadə, "Gurultulu məhəbbət"), İbişov (Ş.Qurbanov, S.Ələsgərov, "Özümüz bilərik"), Dursunov (S.Rəhman, E.Sabitoğlu, "Hicran"), Tofiq (Ş.Axundova, N.Gəncəli, "Ev bizim, sirr bizim"), Hambal (Ü.Hacıbəyov, "Məşədi İbad"), Mirzəqulu (Hidayət, "Durnalar qayıdanda"), Səbzəli (M.Haqverdiyev, "Məhəbbət, şeytan və ağ ölüm") kimi obrazlar aktyorun komediya janrında yaratdığı uğurlu rollardan bir qismidir.

A.Quliyevin yaradıcılığında Azərbaycan Televiziyası da geniş yer tutur. Onun "Şans", "Bığ əhvalatı", "Qaynana", "Lift əhvalatı", "Yarım ştat", "Evləri köndələn yar" və başqa teletamaşalarda oynadığı rollar tamaşaçıların rəğbətini qazanıb. "Bəyin oğurlanması", "Yaramaz", "Bəxt üzüyü", "O dünyadan salam", "Qəm pəncərəsi", "Mənim ağ şəhərim", "Alma almaya bənzər", "Ağ gəmi" bədii filmlərdəki obrazlar A.Quliyevin yaradıcılıq potensialının zənginliyini ifadə edir. Hal-hazırda A.Quliyev İrəvan Dövlət Azərbaycan Dram Teatrında işləyir. 1988-ci ildən Özəl Satira Teatrının bədii rəhbəridir.

1982-ci ildə o, Respublika Gənclər mükafatına, 1988-ci ildə Əməkdar Artist fəxri adına, 1993-cü ildə isə "Humay" mükafatına layiq görülüb. 1993-cü ildə A.Quliyev Musiqili Komediya Teatrından Milli Dram Teatrına dəvət olunub. 1994-cü ildə o, xalq artisti fəxri adına layiq görülüb. 2006-cı ildə teatrdakı qazandığı uğurlara görə "Qızıl Dərviş" mükafatına layiq görülüb.

Gülüş ustası Arif Quliyevin oğlu Fərid Quliyev vəfat edib. Yeri gəlmişkən deyək ki, Arif Quliyev özü hələ körpə vaxtından ailə faciəsi ilə üzləşib. Valideynlərini itirən aktyor uşaq evində böyüyüb və çətin həyat sürüb. Bu haqda özünün dediklərindən: "Uşaqlığım rahat keçməyib. İki yaşımda valideynlərim vəfat edəndən sonra qara çarşablı bir qadın məni Mərdəkanda uşaq evinin qarşısında qoyub gedib. Mən ətəyindən tutdum buraxmadım. Dedi ki, gözlə peçenye alıb gəlirəm. Amma gəlib çıxmadı".

Amma bütün çətinliklərə baxmayaraq Arif Quliyev "Allahımdan razıyam" deyir.