Vitse-spiker: “Əminəm ki, Ollandın ölkəmizə səfəri onun Azərbaycanla bağlı mövqeyinə təsir edəcək”

16 May 2014 11:21 (UTC+04:00)

"Çox təəssüf ki, zaman-zaman ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələr digər ölkələrin passivliyi fonunda fəallaşır". SİA-nın məlumatına görə, bu sözləri Milli Məclisin vitse-spikeri Bahar Muradova jurnalistlərə açıqlama verərkən deyib.

Onun sözlərinə görə, bundan əvvəl Rusiya, Rusiyadan əvvəl ABŞ fəal idi, indi isə ABŞ və Fransanın fəallığı fonunda Rusiya passiv görünür: "Azərbaycan çox arzulayardı ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin bu fəallaşması koordinasiya olunmuş şəkildə həyata keçirilsin. Bu bəyanatlar da bir-biri ilə razılaşdırılaraq verilsin. Fransa prezidenti Fransua Ollandın Azərbaycan və Ermənistana səfəri zamanı verdiyi bəyanatlar istənilən halda ATƏT-in Minsk qrupunun həmsədrlərinin mövqeyidir. Fransa və Azərbaycan arasındakı münasibətlərə bu səfərin çox böyük təsir göstərəcəyinə əminəm. Ona da əminəm ki, Fransua Ollandın Azərbaycana ilk səfəri ölkəmiz və onun mövqeyi ilə bağlı dəqiqləşmələr aparmağa imkan verəcək. Minsk Qrupunun həmsədri, həm də BMT Təhlükəsizlik Şurasının üzvü olan ölkənin, həm də özünün elan etdiyi kimi, Azərbaycana dost olan Fransanın mövqeyində müəyyən dəqiqləşmələrə xidmət edəcək. Bu mütləqdir".