67-ci Kann Beynəlxalq kinofestivalı mayın 14-də axşam Fransa rejissoru Olivye Daanın "Monako şahzadəsi" filminin nümayiş ilə açılacaq. SİA-nın məlumatına görə, filmdə məşhur Amerika aktrisası, "Oskar" mükafatına layiq görülmüş Qreys Kellinin həyatından söz açılır. Monako knyazı III Renye ilə ailə qurmuş Q.Kelli şahzadə titulunu Hollivud ulduzu statusundan üstün tutub. O.Daanın filmində Q.Kelli rolunda ötən il Kann kinofestivalının münsiflər heyətində təmsil olunan Nikol Kidman çəkilib.
Kinofestivalın əsas müsabiqəsi üçün 18 film seçilib. Yeni zelandiyalı rejissor Ceyn Kempionun başçılıq etdiyi münsiflər heyətində Fransa aktrisası Karol Buke, Uillem Defo (ABŞ), Qael Qarsia Bernal (Meksika), Çon Do En (Cənubi Koreya), Leyla Hatəmi (İran), Sofiya Koppola (ABŞ), Tszya Canke (ÇXR) və rejissor Nikolas Vindinq Refn (Danimarka) təmsil olunublar.
Bundan əlavə, festival çərçivəsində qısametrajlı filmlərin müsabiqəsi keçiriləcək. Rejissor Sergey Pikalovun Rusiya və Azərbaycanın birgə istehsalı olan və Yer üzündə yaşayan sonuncu İkinci dünya müharibəsi veteranından söz açan "Sonuncu" ibrətamiz sənədli filmi də müsabiqə iştirakçısıdır. Filmdə baş rolda 66 yaşlı azərbaycanlı aktyor İdris Rüstəmov çəkilib.
Qeyd edək ki, kinofestivalda "Müsabiqədən kənar", "Kann klassikası ", "Xüsusi baxış", "Rejissorların iki həftəlik görüşü", "Tənqid həftəsi" və başqa proqramlar təqdim olunacaq. Dünya şöhrətli aktrisa Sofi Loren "Kann klassikası" proqramının qonağı olacaq.