Mayın 5-dən Yunanıstanın Santorini adasında kikboksinq üzrə dünya çempionatı keçirilir. SİA-nın məlumatına görə, yarışda 27 ölkənin 450 idmançısı mübarizə aparır. Dünya çempionatında iştirak edən Azərbaycan yığma komandası artıq çıxışını başa vurub. Kikboksinqçilərimiz yarışda uğurlu nəticə əldə ediblər. Belə ki, dünya səviyyəsində tanınan Azərbaycan idmançısı Fuad Zeynalov böyüklər arasında low-kik versiyası üzrə ən ağır çəkidə (90 kq) ən yüksək nəticəni qazanıb. O, bütün rəqiblərindən üstün olaraq finala yüksəlib. Finalda isə İran idmançısını məğlub edən təmsilçimiz fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. F. Zeynalov həm də yarışın ən texnikalı idmançısı seçilib.
Onun yetirmələri isə kadetlər arasında döyüşlərə qatılıblar. 2001-2003-cü il təvəllüdlü idmançılar arasında keçirilən yarışda yığma komandamız 2 qızıl və 2 gümüş medal qazanıb. Belə ki, Gəşəm Məmmədov və Elşad Şahbazov dünya çempionu, Elmir Cəfərov və Elcan Atakişiyev dünya çempionatının gümüş medalçısı olub.
Qeyd edək ki, yarış sabah başa çatacaq və idmançılarımız günorta saatlarında Vətənə qayıdacaqlar.

.jpg)






