Rasim Cəfərov Fransaya səfər edəcək FOTO

8 May 2014 14:50 (UTC+04:00)

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının istedadlı aktyoru Rasim Cəfərovun rol aldığı "Torn" qısametrajlı filmi Kann Kino Festivalının müsabiqədənkənar proqramında nümayiş olunacaq. SİA-nın məlumatına görə, festivalın "Rejissor həftəliyi" proqramına daxil edilmiş filmin rejissorları Elmar İmanov və Engin Kundağdır.

İki dünya haqqında qısametrajlı filmdə bugünkü Bakının fonunda iki insanın – ata və oğulun həyatından bir epizod təqdim olunur.

Film Azərbaycanın "Fil Production" və Almaniyanın "Color of May" şirkətlərinin birgə əməkdaşlığı ilə ərsəyə gəlib.

May ayının 14-dən - 25-dək davam edəcək festivalda iştirak etmək üçün aktyorumuz bu günlərdə Fransaya yola düşəcək.

Qeyd edək ki, "Rejissor həftəliyi" Kann festivalının xüsusi paralel proqramıdır. 1968-ci ildəki çıxışlardan sonra yaranaraq bütün dünyanın müstəqil müəllifləri üçün platforma rolunu oynayır. Bir zamanlar burada Verner Hersoqun, Fassbinderin, Hanekenin, Cim Carmuşun, Skorsezenin, Koppolanın və başqa indi məşhur olan o zamankı gənc rejissorların debüt işləri təqdim olunub.