"Azərbaycanın müstəqilliyi Ümummilli Lider Heydər Əliyev şəxsiyyəti və onun adı ilə bağlıdır". Bunu SİA-ya Milli Məclisin Sosial siyasət komitəsinin sədri, millət vəkili Hadi Rəcəbli Ulu Öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə bağlı dahi şəxsiyyət haqqında fikirlərini bildirərkən deyib.
Parlament üzvünün sözlərinə görə, ölkədə gedən bir sıra islahatlar, sosial inkişaf Ulu Öndərin xarizması üzərində qurulub: "Heydər Əliyev bir daha dünyaya sübut etdi ki, şəxsiyyət böyük, güclü olanda o dövlət də güclü olur. Azərbaycan ərazi və əhali etibarilə elə də böyük dövlət deyildi. Amma ölkəmizlə bir çox münaqişələrin içərisində Neft müqavilələri bağlandı. Təbii ki, bu, ancaq şəxsiyyətin adına bağlı olan işlər idi. 1994-cü ildə bağlanan Əsrin müqaviləsi sonrakı illərdə yeni əsrin daha böyük müqaviləsi ilə davam etdirildi. Bu bünövrə üzərində Azərbaycanın həm sosial siyasəti, həm də daxili və xarici siyasəti quruldu. Bu siyasət ömürlükdür, əbədidir və daim Azərbaycanı gələcəyə apara bilən bir siyasətdir".