Ulu öndər Heydər Əliyevin İçərişəhərin qorunmasında rolu FOTOLAR

6 May 2014 16:27 (UTC+04:00)

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində (DTMQİ) Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş iclas keçirilib. SİA-nın məlumatına görə, əvvəlcə ulu öndər Heydər Əliyevin idarədəki büstünün qarşısına əklil qoyulub.

İdarənin rəhbərliyinin və əməkdaşlarının, İçərişəhər ağsaqqallar şurasının üzvlərinin iştirak etdikləri tədbirdə "İçərişəhər" DTMQİ-nin rəisi Samir Nuriyev "Heydər Əliyevin İçərişəhərin qorunmasında rolu" mövzusunda məruzə ilə çıxış edib.

İdarə rəisi ümummilli lider Heydər Əliyevin tarixi abidələrə olan xüsusi məhəbbətini vurğulamış və dəfələrlə məhv olmaq təhlükəsi ilə üzləşən İçərişəhərin qorunması, eləcə də bərpası və təbliği istiqamətindəki xidmətlərindən bəhs edib.

Daha sonra Ulu Öndərin həyat və fəaliyyətinə, İçərişəhərlə bağlılığına həsr edilmiş "Heydər Əliyevin elmin inkişafında rolu", "Heydər Əliyevin Cənubi Qafqazın yeni tarixi konsepsiyasının hazırlanmasında rolu" mövzularında məruzələr dinlənilmişdir. Məruzələr və ümummilli lider Heydər Əliyevlə bağlı xatirələr maraqla qarşılanıb.

Qeyd edək ki, tədbirdə, həmçinin Ulu Öndər Heydər Əliyevə həsr olunmuş sənədli film nümayiş olunub.