Elçin Mirzəbəyli: “Sözügedən hal ABŞ-da yürüdülən siyasətin ikiüzlüyündən xəbər verir” MÖVQE

6 May 2014 12:53 (UTC+04:00)

"Bildiyimiz kimi Kaliforniyada erməni diasporunun güclü fəaliyyəti mövcuddur. Bu baxımdan, Amerika siyasətçilərinin əhəmiyyətli hissəsi həmin diasporun təsiri altındadır". Sözügedən fikirləri SİA-ya açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəylıi ABŞ-ın Kaliforniya ştatının parlament komitəsində qondarma "Dağlıq Qarabağ Respublikası"nın tanınması istiqamətində müsbət qərar verməsinə münasibətini açıqlayarkən deyib.

Politoloqun fikrincə, erməni diasporu Amerikada mütəşəkkil formada fəaliyyət göstərir: "Ona görə də hesab edə bilərik ki, onlar ABŞ siyasətində kifayət qədər ciddi iş apara bilirlər. İctimai rəyin dəyişdirilməsində addımlar armağa müvəffəq olurlar. Çünki ABŞ-ın bir çox ştatları Xocalı soyqırımını da tanıyıblar. Bu baxımdan, ermənilərin təzyiqi ilə atılan bu addımlar nəticədə bütövlükdə Birləşmiş Ştatları günahlandırmaq düzgün olmazdı. Ancaq bütün bunlara rəğmən, ABŞ kimi müstəqil bir dövlətin hər hansı bir tanınmayan ərazini tanıması tarixdə görünməyən bir presedentdir. Ona görə həm də belə qənaətə gələ bilərik ki, sözügedən hal ABŞ-da yürüdülən siyasətin ikiüzlüyündən xəbər verir".

Qeyd edək ki, ABŞ-ın Kaliforniya ştatında parlament komitəsi Azərbaycanın işğal altında olan torpaqlarında yaradılmış separatçı rejimin "müstəqiliyini" tanıyıb. Sözügedən ştatın qanunverici orqanı Dağlıq Qarabağa demokratik dəstəyi inkişaf etdirmək üçün məsələ də qaldırıb. Kaliforniya parlamentinin hər iki palatasında səsvermə isə may ayının 8-də olacaq. Belə ki, "Dağlıq Qarabağ Respublikası"nın tanınması üçün qanun layihəsini Kaliforniya parlamentinə Los-Anceles şəhərindən olan deputat Mayk Qato təqdim edib.

Rövşən Nurəddinoğlu