Azərbaycanda rabitənin keyfiyyəti xüsusi standartlarla yoxlanılacaq

6 May 2014 11:49 (UTC+04:00)

Gələn il Azərbaycanda keçiriləcək Avropa Oyunları ilə əlaqədar Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bir neçə texnoloji şirkətə müraciət edib. SİA-nın xəbərinə görə, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov jurnalistlərə açıqlamasında deyib ki, yaxın vaxtlarda ümumiyyətlə Azərbaycanda rabitənin keyfiyyəti xüsusi standartlarla yoxlanılacaq: "Bu yoxlama 1-2 ay çəkəcək, ondan sonra yoxlamanın nəticələrinə əsasən müəyyən tədbirlər görüləcək".

Həmçinin internetin keyfiyyəti ilə bağlı danışan nazir qeyd edib ki, bu yaxınlarda Dünya İqtisadi Forumunun qlobal texnoloji hesabatında Azərbaycan 7 pillə irəliləyərək dünya ölkələri sırasında 49-cu yeri tutub: "20-dən çox göstəricisi olan MDB ölkələri arasında Azərbaycan da lider mövqe tutub. Mobil telefon xidmətinin əlçatanlığı göstəricisinə görə isə Azərbaycan dünya ölkələri arasında birinci yerdə qərarlaşıb".