AXCP sədri partiya rəsmilərinə danışmamaq tapşırığı verib

30 Aprel 2014 15:33 (UTC+04:00)

AXCP sədri Fuad Qəhrəmanlının Milli Şurada təmsil olunmayan digər müxalifət partiyalarının real müxalifət olmadığı iddiasından sonra bir sıra müxalifət rəsmiləri onun bu fikirləri ilə razılaşmadıqlarını bildiriblər. SİA-ya açıqlama verən Müsavat Partiyasının Divan üzvü Tural Abbaslı, başqan müavini Gülağa Aslanlı, KXCP sədrinin müavini Xəzər Teyyublu və başqa müxalifət təmsilçiləri AXCP sədrinin müavini ilə razı olmadıqlarını müxtəlif səpkidə izah ediblər.

Məsələ ilə bağlı AXCP funksionerlərinə müraciətimizdə isə eyni münasibətin şahidi olduq. Belə ki, qarşı tərəfin fikirlərinə cavab almaq üçün ilk müraciət etdiyimiz tərəf AXCP sədrinin müavini Əbülfəz Qurbanlı olub. Cəbhə rəsmisi məsələ ilə bağlı açıqlamasında bildirib ki, o, "Azadlıq" qəzeti və "Azadlıq Radiosu"ndan başqa heç bir mətbuat orqanına açıqlama vermir.

Cəbhə sədrinin digər müavini Fuad Qəhrəmanlı isə konkret olaraq, mətbuata açıq olmadığını deyib.

AXCP sədrinin müavini Nurəddin Məmmədli də maraqlarında olmayan mətbu orqanlara heç bir açıqlama verməyəcəyini bildirib.

Hər üç AXCP təmsilçisinə "Bu tapşırıq sizə partiya sədri Əli Kərimlidənmi gəlib" sualını ünvanladığımızda isə onlar bunun heç də belə olmadığını sübut etməyə çalışıblar. Jurnalist müşahidəmizdən isə belə qənaətə gəldik ki, əslində, AXCP rəsmilərinin mətbuata qapalı olmaları bilavasitə Əli Kərimlinin verdiyi tapşırığına əsasəndir.

Rövşən Nurəddinoğlu