Xəbər verildiyi kimi, Leyla Yunusun ölkədən gizli qaçış cəhdi baş tutmayıb. Belə ki, dünən gecə saat 23:00 radələrində, gizli şəkildə Azərbaycanı tərk etməyə cəhd göstərən L.Yunus və A.Yunus hüquq-mühafizə orqanlarının müdaxiləsindən sonra saxlanılıblar. Ancaq Leyla Yunus onun evinə gələn polisləri təhqir edib, onların ünvanına nalayiq ifadələr işlədib, polis zabitinin papağını başından çıxararaq yerə atıb. O, tərbiyəsinə uyğun olaraq, özünü son dərəcə nalayiq aparıb və saxlanmasından siyasi şou düzəltməyə çalışıb. Onun saxlanılmasından sonra məlum olub ki, R.Mirqədirovun həbsindən sonra Fransanın Azərbaycandakı səfirliyi ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə Leyla və Arif Yunusların Azərbaycandan çıxarılması ilə bağlı xüsusi plan hazırlayıblar. Aprelin 28-də saat 23:00 radələrində L.Yunus Fransanın Azərbaycandakı səfirliyinin katibi və ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili və "Turan" İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyevin müşayiəti ilə hava limanına gəliblər. Həmin gün Parisə təyyarə reysi olmasına baxmayaraq, şübhə doğurmamaq üçün L.Yunusun Azərbaycandan Dohaya, oradan isə Parisə çıxarılması planlaşdırılıb. ABŞ və Fransa səfirliklərinin nümayəndələri L.Yunus və onun həyat yoldaşının hava limanından maneəsiz keçməsini təmin etməyi öz üzərlərinə götürüblər. Lakin Azərbaycan hüquq mühafizə orqanlarının müdaxiləsindən sonra bu plan baş tutmayıb, L.Yunus Baş Prokurorluğa gətirilib və ondan izahat alınıb. ABŞ və Fransa səfirliklərinin fəaliyyəti Azərbaycanın daxili işlərinə kobud müdaxilə və "Diplomatik xidmət haqqında" 1961-ci il Vyana Konvensiyasının müddəalarının kobud şəkildə pozulmasıdır. Yuxarıda qeyd etdiyimiz həm L.Yunusun, həm də ABŞ və Fransa səfirliklərinin hərəkətləri Azərbaycan cəmiyyətində birmənalı qarşılanmayıb.
"Yeni Azərbaycan" qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlu Fransa və ABŞ səfirliklərinin məlum fəaliyyətinə münasibət bildirərkən deyib ki, hər bir ölkənin xarici siyasətinin vahid prioritetləri var və onlar vahid standartlara, qanunlara söykənir: "Çox təəssüf ki, bəzi hallarda biz müxtəlif dövlətlərin davranışlarında ikili standartlara rast gəlirik. Sadə bir Azərbaycan vətəndaşı Fransa səfirliyinə müraciət edərək viza istəyirsə, bunun üçün özlərinin müəyyənləşdirdiyi müvafiq prosedurlara uyğun olaraq müraciət etmiş vətəndaş bəzən bir neçə gün, bəzən isə bir neçə həftə gözləməli olur. Amma bu dəfə onlar həm öz daxili qaydalarını pozaraq, həm də Azərbaycan cəmiyyətinin ictimai qınağından çəkinməyərək bəzi vətəndaşlara əlahiddə xidmət göstəriblər. Bu isə Azərbaycan cəmiyyətində haqlı suallar doğurur. Nə üçün normal şərtlərdə, sadə Azərbaycan vətəndaşının ala bilmədiyi və ya günlər sonra aldığı vizanı Leyla Yunus iki saat ərzində alır? Bu da Fransa demokratiyasına, onun qanunlara hörmət edən bir dövlət olması ilə bağlı Azərbaycan vətəndaşında haqlı şübhələr yaradır. Belə olduqda sadə vətəndaş düşünür ki, Leyla Yunus Fransanın bəzi dairələri qarşısında öhdəlik götürüb, onların xeyrinə fəaliyyət göstərir. Bildiyimiz kimi bir ölkə vətəndaşının yalnız öz dövləti qarşısında öhdəliyi, vəzifələri və vətəndaşlıq məsuliyyəti var. Bunu heç bir ölkənin mənafeyinə dəyişmək olmaz. Belə vəziyyətdə isə həm Fransa səfirliyinin iki saat ərzində Leyla Yunusa verdiyi viza, həm də onun davranışları istər-istəməz şübhə yaradır və Azərbaycan cəmiyyətində ictimai narahatlığa səbəb olur. Qeyd etdiyim fikirlər ABŞ səfirliyinə də şamil edilə bilər. Çünki Azərbaycan ictimaiyyətində belə bir informasiya var ki, məhz ABŞ səfirliyinin əməkdaşları da təcili surətdə Leyla Yunusun viza alması üçün fransalı həmməsləkdaşları ilə bərabər fəaliyyət göstəriblər. Bütün bunlar Azərbaycan ictimaiyyətində ikrah doğurur və ABŞ və Fransa kimi demokratik imicə sahib ölkələrin demokratiya nəğmələrinə artıq həvəslə qulaq asmır, onun altında mütləq başqa bir səbəb axtarırlar. Belə çıxır ki, Azərbaycan qanunlarına hörmət etməyən, iddia olunduğu kimi Azərbaycan ərazilərinin 20 faizini işğal edən bir dövlətin müvafiq dairələri ilə əlaqədə şübhəli bilinən insanlar Fransa və ABŞ tərəfindən himayə olunur. Hesab edirik ki, Fransa səfirliyi nə üçün Leyla Yunusun iki saat ərzində viza alması ilə bağlı Azərbaycan ictimaiyyətinə qanedici izahat verməlidir.
Millət vəkili, politoloq Rasim Musabəyəv isə hesab edir ki, Azərbaycan Fransa və ABŞ səfirliklərinin bu hərəkətini öz daxili işlərinə qarışma və kobud müdaxilə kimi qiymətləndirə və nota göndərə bilər.
Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə məlum hadisələrə münasibətini bir cümlə ilə ifadə edib: "Azərbaycanda özünü millətçi və hüquq müdafiəçisi adlandıranlar dövlətimizə yox, xarici dövlətlərə işləyirlər".
"Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev isə deyib ki, L. Yunus və A. Yunusun fəaliyyətlərinin araşdırılmasına ciddi ehtiyac var: "Onların saxlanılması Rauf Mirqədirovun həbsi ilə bağlı qoyulan maddə ilə əlaqəlidirsə, deməli burada ciddi mətləblər var. Mirqədirovun istintaq materiallarından və mətbuatda gedən açıqlamalarından belə qənaətə gəlmək olar ki, burada söhbət düşmən dövlətin lehinə cəsusluq fəaliyyətindən gedir. Buna görə də məsələ ciddi araşdırılmalı, günhakarlar layiqli cəzalarını almalıdırlar.