ABŞ-da elə, Azərbaycanda belə...

29 Aprel 2014 17:23 (UTC+04:00)

Mediada oxudum ki, Nyu York meri Bil de Blazio Türkiyənin ABŞ-dakı səfiri Serdar Kılıça qarşı kobudluq edib. Buna səbəbsə ABŞ ermənilərinin Nyu Yorkda qondarma erməni soyqırımıyla bağlı baner asması olub. Səfir Kılıç merə müraciət edərək Türk icmasının bundan rahatsız olduğunu bildirib və çox kobud bir cavab alıb: "Bura Türkiyə deyil və mənim Türk diplomatının məsləhətinə ehtiyacım yoxdur".

Təbii ki, bu cavab diplomatiya və nəzakət çərçivəsini kobud şəkildə aşır. Amma digər tərəfdən də ABŞ-ın ən böyük şəhərinin meri özünü haqlı saydığını iddia edə bilər. Yəni siz kimsiniz ki, mənə ağıl verirsiniz? Maraqlıdır ki, səfirə qarşı belə kobud yanaşmanı tənqid edənlərə təsadüf olunmur. Yəni anlaşılan odur ki, bir səfirin ölkədə baş verənlərə müdaxiləsi ABŞ üçün yolverilməzdir və buna görə adama kobud cavab verilməsi normal sayıla bilər. Bunun adı Amerika standartıdır.

Bu Amerika standartına təsadüfən toxunmuram. Bu olayın Azərbaycanda baş verən bir olaya birbaşa dəxli var. Leyla Yunusova olayını deyirəm.

Dünən gecə saxlanılmış Leyla Yunusova və həyat yoldaşı Arif Yunusovun Azərbaycandan çıxması üçün ABŞ və Fransa səfirliklərinin canfəşanlıq etməsi heç də kiçik məsələyə bənzəmir. Maraqlıdır ki, Nyu Yorkda ölkənin iç işlərinə qarışdığını iddia edib Türkiyə səfirinə kobud cavab verən bir ölkənin Azərbaycandakı səfirliyi Azərbaycan vətəndaşının ölkədən qaçırılması üçün canfəşanlıq edir.

Yenə də media xəbər verir ki, Leyla və Arif Yunusovları Bakı hava limanına qədər Fransa və ABŞ səfirliklərinin vəzifəli şəxsləri müşayiət edib.

Və daha maraqlısı isə budur ki, bu şəxslərə Fransa səfirliyi vizanı 2 saat içində təmin edib. Özü də 5 illik vizanı. Yəni faktiki uzunmüddətli oturma iznini. O da deyilir ki, Fransa səfirliyini belə tələsdirən ABŞ səfirliyi olub.

Məncə bu yanaşma Azərbaycanın daxili işlərinə qarışmaq, ölkəmizə qarşı sayğısızlıqdan başqa bir şey deyil. Ona görə də xarici işlər nazirimiz dərhal hər iki ölkənin səfirlərindən izahat tələb etməlidir. Hətta onlar arzuolunmaz şəxs elan edilərək 24 saat ərzində ölkəni tərk etmələri tələb olunmalıdır. Əgər bir ölkə mənim ölkəmdə öz səfirliyini açmışsa, zəhmət çəksin qanunlarıma, dövlətimə sayğılı davransın!

Qaldı ki, Leyla Yunusova məsələsinə, açığı, bu olaydan şou düzəldilməsinin tərəfdarı olmazdım. Təbii ki, hüquq mühafizə orqanları yetərli əsaslar olmasa bu qədər səs-küylü bir addımı atmazdılar. Lap elə fərz edək ki, onu haqsız yerə saxlayıblar. Elədirsə, yenə də qara-qışqırıq salmaq lazım deyil. Çünki həbsxanadakı Leyla Yunusova Azərbaycana daha çox başağrısı gətirər, nəinki azadlıqdakı. Bütün bunların işığında bu saxlama olayıyla bağlı bəzi müşahidələrimi də qeyd etmək istərdim.

İnternetdə yayımlanan videoda Leyla Yunusova fəğan edir, qışqırır, polisləri belə təhqir etməkdən çəkinmir. O həddə qədər ki, hətta bir polisin furajkasını başından götürüb tullayır. Və bütün bunları edərkən yalnız rus dilində (bu məqama diqqət!) danışır! Azərbaycan vətəndaşı, özü də müstəqil Azərbaycanın bir fərdi hələ də rus dilində fəğan edir. Təsadüfdürmü? Deyil. Onu yetərincə tanıyan birisi kimi demək istərdim ki, bu qadın Azərbaycan müstəqillik əldə etdikdən sonra ingilis dilini öyrəndi, amma Azərbaycan dilini birmənalı şəkildə inkar etdi! Sadəcə öyrənmək istəmədi və öyrənmədi. Sovet vaxtında necə sınıq-salxaq Azərbaycancada danışırdısa, elə indi də o qədər danışa bilir.

Həmin o videoda Azərbaycanlı məmurun Leyla Yunusovaya rus dilində cavab verməsini isə heç anlamadım. Bura Rusiya deyil və kimsəyə rus dilində cavab verməyə borclu deyilsiniz. Hələ o kimsə Azərbaycan vətəndaşıdırsa, zəhmət çəkib bu dövlətin dilini öyrənsin. Öyrənmirsə, şəxsi problemidir.

Maraqlı məqamlardan biri də onun Parisə Doha üzərindən uçmağa cəhd etməsidir. Parisə birbaşa reys varkən nədən o qədər yolu dolaşıb gəlmək istəyirmiş bu qadın? Hər halda bu sualın cavabı da veriləcək yəqin.

Mediadakı çoxsaylı xəbər və şərhləri oxuduqca belə qənaətə gəlirəm ki, Leyla və Arif Yunusovlar Azərbaycandan təcili qaçmaq və ya qaçırılmaq istənib. Niyə, nə olmuşdu ki? Yəni bu təşvişə səbəb olacaq bir durummu vardı ortalıqda? Əgər nəzərə alsaq ki, Fransa və ABŞ səfirlikləri bunların arxasındadır, üstəlik də 2 saat ərzində 5 illik viza təmin ediblər, deməli, gizlədiləcək bir şey varmış.

Bu viza məsələsini də hər halda hamı bilir ki, asan iş deyil. Bizim kimi insanlar istər Fransa, istərsə də ABŞ səfirliklərindən viza alarkən 2 dəqiqə gecikəndə belə rədd cavabı verilir. Amma bu Yunusovlara ildırım sürətilə - 2 saata viza verilib (normalda bu, bir neçə gündən bir neçə həftəyə qədər çəkir).

Bütün bunlarla bərabər yenə də gözləməyin, olayın aydınlığa qovuşmasının tərəfdarıyam. Və bu sürəcdə hüquq mühafizə orqanlarını gözümçıxdıya salmağın da tərəfdarı deyiləm. Qoy onlar araşdırmalarını aparsınlar, nəticə ortaya çıxanda qiymət verərik hər halda.