Azərbaycanın "Eurovision-2014" mahnı müsabiqəsində təmsilçisi Dilarə Kazımova türk pərəstişkarları üçün "Start a Fire" mahnısının yeni versiyasını təqdim edib. SİA-ya verdiyi məlumata görə, "Start a Fire" balladası türk dilində "Alev Gibi" adlanır.
Dilarə Kazımovanın mahnısı bütün Avropada "Eurovision" fanatları arasında populyarlıq qazanıb. Pərəstişkarları və "Eurovision" mahnı müsabiqəsinin başqa iştirakçıları hətta "Start a Fire" mahnısının kaver-versiyalarını yaradıblar.
Onu da deyək ki, bu yaxınlarda Dilarə Kazımova mahnısının "Bir qığılcım" adlı Azərbaycan versiyasını da təqdim edib.
Musiqisini bütün dillərdə oxumaq və "Eurovision" sevərlərə bəxş etmək istəyən təmsilçimiz "Start a Fire" mahnısının daha bir neçə müxtəlif dildə versiyalarını yazdırmaq niyyətindədir.
Qeyd edək ki, Dilarə Kazımova "Start a Fire" mahnısını "Eurovision" müsabiqəsinin mayın 6-da Danimarkanın Kopenhagen şəhərində keçiriləcək birinci yarımfinalında 8-ci nömrə altında təqdim edəcək.