Ağdaşda “Xəmsə” milli intellektual oyunu üzrə zona yarışı keçirilib

25 Aprel 2014 11:10 (UTC+04:00)

Ağdaş rayonunda gənclər arasında "Xəmsə" milli intellektual oyunu üzrə VII Azərbaycan çempionatının zona yarışı keçirilib. SİA-nın məlumatına görə, rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə Habil Əliyev adına Ağdaş Rayon Musiqi Məktəbində keçirilən yarışda çıxış edənlər bu yarışmanın əsas məqsədinin yeniyetmələrin intellektual səviyyəsini, dünya görüşünü, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmin nüfuzunu artırmaq, Azərbaycanın zəngin milli mədəniyyətinin və tarixinin təbliği, eləcə də yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdən ibarət olduğunu bildiriblər.

Çempionatın zona mərhələsində 16 şəhər və rayondan 17-29 yaşlı yeniyetmə və gənc iştirak etmişdir. İştirakçılar komanda şəklində öz bilik və bacarıqlarını sınayıblar.

Sonda Ağdaşın "Qırmızı göstəriş" komandası 4800 xalla birinci yeri tutaraq finala vəsiqə qazanıb. Hacıqabul rayonunun və Şirvan şəhərinin komandalar müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.

Qeyd edək ki, qalib komanda Qubada keçiriləcək ölkə çempionatının finalında iştirak etmək hüququ qazanıb.