Cahangir Əsgərov: “Heydər Əliyev Beynəlxalq Aeroportu dünyanın ən gözəl, ən müasir hava limanlarından biridir”

24 Aprel 2014 01:02 (UTC+04:00)

"Bakıda beynəlxalq standartlara uyğun ilk aerovağzal binasını 1999-cu ildə ulu öndərimiz Heydər Əliyev açmışdır. Ulu Öndərin dediyi "Mən inanıram ki, AZAL bundan sonra da yeni nailiyyətləri ilə bizi sevindirəcək" sözləri bu gün gerçəkləşir. Son illər Sizin birbaşa göstəriş və tövsiyələriniz nəticəsində mülki aviasiya sahəsində çox sayda sevindirici hadisələr və yeniliklər baş verir". Bunu "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) prezidenti Cahangir Əsgərov Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksinin açılışı mərasimində deyib.

"Respublikamızın hava nəqliyyatının modernləşdirilməsinə göstərdiyi diqqətə görə Prezident İlham Əliyevə təşəkkür edən "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) prezidenti Cahangir Əsgərov deyib: "Aviaşirkətimizin hava gəmiləri tamamilə yenilənib. Bu gün Azərbaycan vətəndaşları yalnız müasir, Qərb istehsalı olan Airbus 340, 320, 319, Boeing 757, 767 və Embraer təyyarələri ilə uçurlar.
Siz dediyiniz kimi, respublikamızın şəhərlərində ardıcıl olaraq 2004-cü ildə Naxçıvanda, 2006-cı ildə Gəncədə, 2008-ci ildə Lənkəranda və Zaqatalada, 2011-ci ildə Qəbələdə Beynəlxalq hava limanları tikilib, müasir uçuş-enmə zolaqları inşa edilib.
2012-ci ildə mövcud aerovağzal binası tamamilə yenidən qurulub.
2013-cü ildə isə Yevlax hava limanının yenidənqurma işləri başa çatıb.
Möhtərəm cənab Prezident!
Bu gün sərnişinlərimizi yeni – müasir aerovağzal binasına dəvət edəcəyik.
Sizin xeyir–duanızla bu gün saat 17.50-də Bakıdan İstanbula uçan təyyarə artıq bu terminaldan yola düşəcəkdir.
İldə 6 milyon sərnişin daşıma gücünə malik olan yeni aerovağzal kompleksinin ümumi sahəsi 65 min kvadratmetrdir.
Təməli qoyulduğu gündən indiyədək, Sizin birbaşa tövsiyələriniz nəticəsində bu terminalın tikintisində ən keyfiyyətli materiallardan istifadə edilmiş və müasir tələblərə cavab verən avadanlıq quraşdırılmışdır.
Bu terminalda uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə beynəlxalq aviasiyada istifadə olunan ən son elmi-texniki nailiyyətlər tətbiq edilmişdir.
Sərnişinlərin rahatlığını təmin etmək üçün hər bir imkan yaradılmış - çox sayda kafe və restoranlar, biznes salonlar, interaktiv köşklər və uşaq meydançası inşa edilmiş, zallarda 2000-dən çox rahat oturacaq, 40 ədəd qeydiyyat masası, 30 eskalator, 21 lift və binanın xaricində teleskopik traplar quraşdırılmışdır.
Bu traplar, eyni zamanda, 12 təyyarəni, o cümlədən dünyanın ən böyük sərnişin təyyarəsini – "Airbus A 380"ni qəbul edə bilir.
Bu gün mən bu tikintidə iştirak edən memarlara və inşaatçılara təşəkkürümü bildirmək istəyirəm.
Terminalın tikintisi ilə yanaşı, Heydər Əliyev Beynəlxalq Aeroportunun infrastrukturu dəyişmiş, terminalın istismar tələblərinə uyğunlaşdırılmışdır.
Möhtərəm cənab Prezident!
İcazənizlə, mən bu işlərin bir neçəsi barədə Sizə məlumat verim.
Dünyanın ən möhtəşəm, öz arxitektura görünüşü ilə hər kəsi heyran qoyan, hündürlüyü 65 metr olan Hava Hərəkətinin İdarəetmə Mərkəzi inşa edilmişdir.
İdarəetmə mərkəzində quraşdırılmış avadanlıq 165 min kvadratkilometr ərazidə hava gəmilərinin uçuşlarını idarə etməyə imkan verir. Hava dəhlizinin uzunluğu isə 8 min kilometrdən artıqdır.
Uzunluğu 4 min metr və eni 75 metr olan yeni uçuş-enmə zolağı inşa edilib. Hər cür hava şəraitində təyyarələri qəbul etmək məqsədilə bu zolaq İKAO-nun ən yüksək kateqoriyasına cavab verən işıqlandırma sistemləri, radionaviqasiya avadanlığı və radarlarla təchiz olunmuşdur.
Təyyarələrin hərəkəti və yaxınlaşması üçün sahəsi 281 min kvadratmetr olan asfalt-beton perronun tikintisi həyata keçirilmişdir.
Yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə Yanğınsöndürmə Stansiyası tikilmiş və 8 ədəd müasir yanğınsöndürən maşın alınmışdır.
Aerovağzal Kompleksinin fasiləsiz elektrik enerjisi ilə təchizatı üçün sahəsi 3500 kvadratmetr olan enerji mərkəzi tikilmişdir və 34 min metr kabel çəkilmişdir.
Mühəndis-kommunikasiya xətlərinin çəkilişi üçün uzunluğu 700 metr yeraltı dəmir-beton qalereya inşa edilmişdir.
Aerovağzalın önündə 750 yerlik avtomobil dayanacağı və ona bağlanan avtomobil yolları salınmış, 90 min kvadratmetr asfalt döşənmişdir.
Kompleksin istilik təminatı üçün Aeroportun mərkəzi qazanxanası yenidən qurulmuşdur.
Bütün hava limanı üçün Mərkəzi Kanalizasiya Kollektor Stansiyası və 3 yeni drenaj nasos stansiyası inşa edilmişdir.
Aerovağzal kompleksinin tikintisi ilə bağlı aeroportun perimetri boyu mühafizə tədbirləri ilə əlaqədar 11 kilometr yeni elektron mühafizə hasarı çəkilmişdir.
Bu gün biz inamla deyə bilərik ki, Heydər Əliyev Beynəlxalq Aeroportu ən yüksək standartlara cavab verən, dünyanın ən gözəl, ən müasir hava limanlarından biridir.
Hava limanımıza "Ən Yaxşı Aeroport" adı verilməsi üçün artıq müraciət edilib.
Möhtərəm cənab Prezident!
Bu gün Siz aviatorlarımıza əsl bayram bəxş etdiniz!
Biz də Sizə söz veririk ki, bu terminalda yüksək keyfiyyəti təmin etmək üçün əlimizdən gələni əsirgəməyəcəyik".