Bakı Şəhər Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin müəllim və şagirdlərdən ibarət nümayəndə heyəti Tbilisidə səfərdə olublar. SİA-nın məlumatına görə, gənc musiqiçilərimiz Tbilisi şəhərindəki Mikeladze adına onbirillik musiqi məktəbində və digər konsert salonlarında geniş proqramla çıxış ediblər.
Konsertdə Ü.Hacıbəyli, Q.Qarayev, F.Əmirov, S.Ələsgərov, G.Venyavski, D.Şostakoviç, D.Popper, F.List, M.Ravel, O.Sarasate, R.Şuman, S.Sinzadze, A.Piazolla və başqa bəstəkarların əsərləri səslənib.
Konsert böyük müvəffəqiyyətlə keçmiş və tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşəbbüsü ilə 2009-cu ildən Tbilisidəki Mikeladze adına onbirillik musiqi məktəbi ilə yaradıcılıq əməkdaşlığı edir. Bu səfər məktəb nümayəndələrinin Gürcüstana ikinci səfəridir.