Bu gün Azərbaycanın görkəmli yazıçısı, ssenarist və kinoredaktor, "Nəsimi" mükafatının ilk laureatı İsa Hüseynovun (Muğanna) doğum günüdür. SİA-nın məlumatına görə, İsa Mustafa oğlu Hüseynov (Muğanna) 1928-ci ildə Ağstafa rayonunun Muğanlı kəndində dünyaya gəlib. Atası Mustafa məktəb müəllimi olub. Orta məktəbi bitirdikdən sonra N.Nərimanov adına Tibb Universitetinə daxil olsa da (1945), 4 ay sonra kəndə qayıdıb. Sonradan Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub. Burada 4 illik təhsilini başa vurub və Moskvadakı Maksim Qorki adına Ədəbiyyat İnstuitutunda oxuyub. Azərnəşrdə Ədəbiyyat şöbəsinin redaktoru (1952-1954), "Literaturnıy Azerbaydjan" qəzetində nəsr şöbəsinin müdiri (1960-1964), C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında baş redaktor (1964-1968), redaktor (1968-1974), Ssenari şurası üzvü (1974-1979), Azərbaycan Kinamotoqrafiya Komitəsində baş redaktor (1979) vəzifələrində çalışıb.
Ədəbi fəaliyyətə 1949-cu ildə "İnqilab və Mədəniyyət" qəzetində çap edilən "Ana dil oxuyan yerdə" yazısı ilə başlayıb. 1950-ci illərdən etibarən kitabları nəşr olunub. Ssenariləri əsasında ("26 Bakı Komissarı", "Nəsimi", "Tütək səsi", "Ulduzlar sönmür", "Nizami") filmlər çəkilmiş, əsərləri xarici dillərə tərcümə olunub. "26 Bakı Komissarı" filmi 1968-ci ildə Ümumittifaq Leninqrad Festivalının ən yaxşı tarixi-inqilabi film mükafatını alıb.
2012-ci ildə AYB-nin təsis etdiyi "Nəsimi" mükafatına layiq görülüb.
Qeyd edək ki, İsa Hüseynov 1 aprel 2014-cü ildə Bakı şəhərində ürək çatışmazlığından vəfat edib və I Fəxri Xiyabanda dəfn olunub.