12 aprel ümumdünya Aviasiya və Kosmonavtika Günüdür. 1961-ci ilin aprelin 12-də Yuri Qaqarin bəşər tarixində ilk dəfə kosmosa uçub. Qaqarin bununla kosmosun fəthi erasının əsasını qoyub.
53 il əvvəl Baykonurdan "Vostok-1" (Şərq-1) raket-daşıyıcı havaya buraxıldı. Start anında Qaqarin məşhur "Poyexali" (Getdik) sözünü işlətdi ki, bu da bütün kosmik dövrün yeni simvoluna çevrildi.
108 dəqiqə orbitdə olan və Yer ətrafında dövrə vuran "Vostok-1" atmosferə daxil olub və Saratov əyalətində kolxoz sahəsinə enib.
Qeyd edək ki, Sovet kosmonavtikasının baniləri arasında azərbaycanlı Kərim Kərimovun da adı var. O, daha çox "R-2" raketlərinin istehsalında müstəsna rol oynayıb. Azərbaycanda aerokosmik sənayenin yaradılması və bu sahənin inkişafı isə 2008-ci ildə prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamından sonra başlayıb. Ölkədə fəaliyyət göstərən aerokosmik Agentliyin qarşıda duran başlıca vəzifəsi müdafiə qüdrətinin möhkəmlənməsinə və inkişafına xidmət edən layihələri icra etməkdir.