Kəmalə Ağazadə: “Kimsəsiz uşaqların cəmiyyətdə formalaşması üçün müxtəlif proqramlar mövcuddur”

10 Aprel 2014 17:00 (UTC+04:00)

"Azərbaycanda 3 yaşa qədər kimsəsiz uşaqlar körpələr evində yerləşdirilir. Onlar valideyn himayəsindən məhrum olmuş uşaqlardır". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin (AUB) sədri Kəmalə Ağazadə dövlət tərəfindən həmin uşaqlara göstərilən qayğı, onların gələcəklərinin necə təmin olunmasına münasibətini açıqlayarkən bildirib.

"Həmin uşaqlar 3 yaşdan sonra Təhsil Nazirliyinin və icra hakimiyyətinin nəzdində olan uşaq müəssisələrinə verilir" -deyən AUB sədri onu da qeyd edib ki, bəzi hallarda bu uşaqların təhsili ilə bağlı məsələlər bir o qədər də ürək açan olmur.

Kəmalə Ağazadə eyni zamanda bildirib ki, bəzən elə hallar da baş verir ki, atılmış uşaqların valideynlərini müəyyənləşdirmək mümkün olmur: "Əgər uşaq hansısa bir valideyn tərəfindən uşaq evlərinə atılıbsa, o zaman həmin uşağa qəyyumluq edən müəssisə tərəfindən ad və soyad verilir. Amma təəssüflər olsun ki, həmin uşaqların ana və ata qrafikaları boş qalır. Bu gün çox az müəssisə var ki, onun yataqxanası var. Kimsəsiz uşaqlar 18 yaşdan sonra orada yaşaya bilməzlər. Bir sözlə, onların cəmiyyətdə formalaşması üçün müxtəlif proqramlar mövcuddur. Kimsəsiz uşaqların təhsil haqqından azad edilməsi ilə bağlı qanun qəbul olunub. Amma yenə də bu sahədə problemlər, boşluqlar mövcuddur. Mənim tanıdığım kifayət qədər uşaq müəssisələrindən çıxmış gənclər var ki, onlar işləyərək öz karyeralarını qurublar. Yəni, həmin gənclərin hər bir şəraiti var".

Gülyanə Ağakərimova