"Seagate" şirkətinin sərt disk xəttinə həcminə, sürətinə və etibarlılığına görə yüksək göstəricilərə malik yeni qurğu əlavə edilmişdir. "Enterprise Capacity 3.5 HDD v4" korporativ sektorda istifadə üçün nəzərdə tutulmuşdur və 24/7 rejimində işlədilə bilər.
Bildirilir ki, "Seagate Enterprise Capacity 3.5 HDD v4" sərt diski 3.5 düymlük form-faktorda hazırlanıb. Diskin həcmi 6 terabaytdır (TB) və 128 meqabayt həcmində keş-buferlə təchiz edilib. Şpindelin fırlanma sürəti 7200 dövr/dəq təşkil edir.
Məlumatların ötürülməsi üçün SAS (12 Qb/s) və ya SATA (6 Qb/s) interfeysləri istifadə oluna bilər. Opsiya kimi FIPS şifrlənmə funksiyası əlçatandır. İstehsalçı bildirib ki, sərt disk rəqib həllərlə müqayisədə 25 faiz səviyyəsində məhsuldarlıq artımını təmin edir.
"Seagate" şirkəti sərt disklərin tədarükünə başlayıb.