Dərs ilinin iyun ayınadək artırılmasının səbəbləri açıqlanıb

8 Aprel 2014 13:08 (UTC+04:00)

Azərbaycanda dərs ilinin iyun ayınadək artırılmasının səbəbləri açıqlanıb. SİA-nın xəbərinə görə, Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdir müavini, QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov bu gün keçirdiyi mətbuat konfransında deyib ki, Azərbaycanda istirahət və bayram günləri, eləcə də tətil günlərini çıxdıqda 5 günlük tədris həftəsi ilə işləyən ümumtəhsil məktəblərində il ərzində 164, 6 günlük tədris həftəsi ilə işləyən məktəblərdə isə il ərzində 197 gün dərs keçirilir.

Onun sözlərinə görə, uyğun olaraq şagirdlər ildə 201 və ya 168 gün istirahət edirlər: "Lakin İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv olan ölkələrdə tədris həftəsinin orta göstəricisi 38 həftə, Azərbaycanda isə 32 həftədir. Mayın sonundan sentyabrın 15-dək Azərbaycanın ümumi orta təhsil müəssisələrinin şagirdlərdə sanki tətil boşluğu yaşanır. Təxminən 105 günlük tətil ərzində şagirdlər vaxtlarını o qədər də səmərəli keçirə bilmirlər. Biz də istəyirik ki, bizim məktəblilər təhsil ilindən o qədər uzaq qalmasınlar. Tədris həftələrinin çox olması şagirdlərin tədrisə gəlməsi və tez uyğunlaşmasına şərait yaradacaq".

Cəsarət Valehov bildirib ki, yaxın günlərdə Təhsil Nazirliyində QHT üzvləri və müəllimlərin iştirakı ilə Azərbaycanda tədris ilinin uzadılması ilə bağlı dəyirmi masa keçiriləcək və orada tədris ilinin uzadılması ilə bağlı daha dəqiq məlumatlar veriləcək.