“Milli Şura”-nın bütün resursları tükənib ANALİZ

7 Aprel 2014 17:13 (UTC+04:00)

Son günlər "Milli Şura" ətrafında yaşanan qalmaqallara biri də əlavə olunub. Belə ki, qurumun sessiyalarında yetərsayın olmamasına rəğmən qərarların qəbul olunması ictimaiyyətdə birmənalı olaraq qarşılanmır. Daha dəqiq desək, müxalifət düşərgəsində artıq belə bir fikir hakimdir ki, "Milli Şura" qondarma sessiyalar keçirməklə sadəcə, gündəmdə qalmağa çalışır. Çünki onun heç bir fəaliyyəti nəzərə çarpmır. Digər tərəfdən, o da bldirilir ki, "Milli Şura" prezident seçkisində heç nəyə nail olmadığı barədə vaxtilə bu quruma inananlar qarşısında hesabat verməli, ardınca isə öz missiyasının xitamı haqda qərar qəbul etməlidir. Lakin göründüyü kimi, bu baş vermir. Çünki seçkilərdə növbəti məğlubiyyət etirafı bütövlükdə ənənəvi müxalifətin parçalanması, yox olması deməkdir. Ancaq hazırkı vəziyyətdə bu etirafı etməyə iradəsi çatmayan "Milli Şura" rəhbərliyi öz mövcudluğunu qəzet üzərində qurmağa çalışır.

"Milli Şura"nı Cəmil Həsənli deyil, AXCP sədri Əli Kərimli idarə edir

Digər tərəfdən, onu da xatırlaya bilərik ki, adıçəkilən qurum təsis olunarkən, onun başına gətirilən Rüstəm İbrahimbəyov heç bir vədinə əməl edə bilməyərək, oradan uzaqlaşdı. Məhz bundan sonra "Milli Şura"da çatlar əmələ gəlməyə başladı. Öncə ayrı-ayrı fərdlərin, daha sonra isə partiyaların oradan getməsi vəziyyəti daha da qəlizləşdirdi. Müsavat Partiyasının səsli-küylü gedişi isə "Milli Şura"nın sonunu gətirdi.

Bu gün də qurumda fəaliyyət göstərən tərəflər arasında soyuq münasibətlər mövcud olmaqda davam edir. Şəxslərarası intriqalar bir tərəfdən, AXCP-nin "Milli Şura"nı öz təsiri altına alması isə o biri tərəfdən qurumun təmənlini yerindən oynadıb. Artıq "Mili Şura"nı Rüstəm İbrahimbəyovu əvəz edən Cəmil Həsənli deyil, məhz AXCP sədri Əli Kərimli idarə edir. Beləliklə, qurumun bəzi qüvvələr tərəfindən inhisara alınması səbəbindən "Milli Şura"-nın sonrakı fəaliyyəti tamamilə perspektivsiz, qaranlıq görünür. Hətta bu gün parlament seçkilərinə hazırlaşan kiçik müxalifət partiyalarından da zəif duruma düşən "Milli Şura"nın həmin seçkilərə qədər ayaqda qala bilməsi isə məntiqsiz iddia kimi başa düşülür.