SİA ŞKTC Yakın Doğu Universitetinin Beynəlxalq münasibətlər fakültəsi üzrə doktorantura tələbəsi Rəşad Ələkbərovun Məhəmməd Əmin Rəsulzadə haqqında elmi araşdırmasını təqdim edir:
30 Yanvar 2014 – cü il tarixində Azərbaycan mətbuatında, Azərbaycan dövlətçilik tarixində misilsiz izlər buraxan Məhəmməd Əmin Rəsulzadə ilə bağlı "Üzeyir Hacıbəyli Rəsulzadə haqqında nə yazmışdı?" başlıqlı yazı dərc olunub. Yazıda, araşdırmaçı, professor Şirməmməd Hüseynov, Məhəmməd Əmin Rəsulzadənin Türkiyədəki mühacir fəaliyyətindən danışarkən, 1995 – ci ildə Ankarada Səbahəddin Şimşir tərəfindən dərc olunan "Məhəmməd Əmin Rəsulzadənin Türkiyədəki həyatı, fəaliyyətləri və düşüncələri" adlı kitaba diqqət çəkib. Sözügedən kitabın Rəsulzadə irsinin Türkiyə ilə bağlı dövrünü öyrənmək baxımından əhəmiyyətli olduğunu vurğulayan araşdırmaçı, kitabın Azərbaycan dilinə tərcümə olunmasının vacibliyini xüsusi olaraq vurğulayıb. Bir Azərbaycanlı olaraq və məsələnin aktuallığını nəzərə alıb, Səbahəddin Şimşirin yuxarıda adı çəkilən kitabını oxumaq qərarına gəldim. Bu yazıda Məhəmməd Əmin Rəsulzadə ilə bağlı qeyd etdiyim bütün tarixi faktlar bilavasitə Səbahəddin Şimşirin qələmə aldığı kitabdandır.
İlk öncə qeyd edim ki, sözügedən araşdırma 13.06.1993 – cü tarixində, Prof. Dr. İsmail Aka, Prof. Dr. Tuncer Baykara və Dosent Dr. Ahmet Özgiraydan ibarət olan komissiya tərəfindən, Ege Universitetinin, Sosial Elmlər İnstitutu tərəfindən, tarix elmi üzrə "magistratura" pilləsində diplom işi olaraq qəbul olunub. Kitab "Türk Mədəniyyətini Araşdırma İnstitutu" tərəfindən yayınlanıb. Çapı isə Ankara Universitetinin Mətbəəsində həyata keçirilib.
Araşdırma ərzində köməkçi dosent Dr. Səbahəddin Şəmşirin "Azərbaycanın İstiqlal Mücadələsi" adlı digər bir kitabı əlimə keçdi. Kitab 2002 – ci ildə İstanbulda "IQ Kültürsanat Yayın Evi"ndə dərc olunub. Mövzu ilə bağlı daha dolğun məlumat əldə etmək üçün adıçəkilən kitabı da oxumaq qərarına gəldim. Adıçəkilən kitabda da M.Ə. Rəsulzadənin mühacir fəaliyyəti ətraflı işiqlandırılıb.
İlk öncə onu qeyd edim ki, Türkiyədə fəaliyyət göstərdiyi müddət ərzində Məhəmməd Əmin Rəsulzadənin əsas amalı Azərbaycan millətinin bağımsızlıq savaşına dəstək olmaq olub. Bunu onun bütün mühacir fəaliyyəti ərzində sezmək mümkündür. Məhəmməd Əmin Rəsulzadənin Türkiyəyə ilk gəlişi 1911 – ci ilə təsadüf etməkdədir. 1911 – ci ildə İstanbula gələn Məhəmməd Əmin Rəsulzadə "Türk Ocağı" nın fəaliyyətinə qoşularaq, "Türk Yurdu" jurnalında yazılar yazmağa başlayıb. İstanbula toplanan o dövrün Türk milliyətçiləri, böyük Türklük yolu uğrunda "Türk Ocağı"nda bir araya gəlmişdilər. Onlardan biri də Məhəmməd Əmin Rəsulzadə idi. Onun "Türk Yurdu"nda qələmə aldığı "İran Türkləri" adlı silsilə məqalələri Azərbaycanda Türklərin varlığını göstərən ilk məqalələrindəndir. "İran Türkləri" M.Ə.Rəsulzadənin Türkiyədə çap olunan ilk yazısıdır, silsilə şəklində olan bu məqalələrində o ilk dəfə Anadoludan kənarda yaşayan insanların da türk dilində danışdığını və türk olduğunu türk ictimaiyyətinə bildirib. Onun Türkiyədə işıq üzü görən ilk kitabı isə 1922 – ci ildə çap olunan "Azərbaycan Cümhuriyyəti" adlı kitabıdır.
Eyni zamanda Məhəmməd Əmin Rəsulzadə görkəmli İslam mütəfəkkiri Şeyx Cəmaləddin Əfqaninin Hindistanda nəşr olunmuş olan "Makalat-ı cəmaliyyə" əsərinin "Vəhdəti cinsiyyə fəlsəfəsi"ni fars dilindən türk dilinə tərcümə edib "Türk Yurdu" jurnalında çap etdirib.
Həmçinin onu da qeyd etməliyik ki, M.Ə.Rəsulzadənin "Səbilürrəşad" jurnalında İran inqilabı və Osmanlı höküməti ilə bağlı məqalələri dərc olunub.
1913 – cü ildə Çar Rusiyasını idarə edən Romanovlar sülaləsinin 300 illik yubileyi münasibətilə verilən əfv fərmanından istifadə edən Məhəmməd Əmin Rəsulzadə Azərbaycana qayıdıb. M.Ə. Rəsulzadənin Azərbaycandakı fəaliyyətinin Rəsulzadə araşdırmaçıları tərəfindən kifayət qədər araşdırıldığını nəzərə alaraq yazıda, M.Ə.Rəsulzadənin bu dönəm fəaliyyəti ilə bağlı məsələlərə toxunmaq istəmirəm. (Məqalədə ağırlıq M.Ə. Rəsulzadənin Türkiyədəki mühacir fəaliyyətinə yönəlib).
Kitabında Azərbaycan Demoktratik Respublikasının bolşevikler tərəfindən 27 Aprel 1920 – ci ildə işğalı üzərinə diqqət çəkən Səbahəddin Şimşir hadisələr baş verən müddətdə M.Ə.Rəsulzadənin Abbasqulu Kazımzadə bəylə birlikdə Bakını tərk edərək İsmayıllı rayonunun Lahıc kəndində gizləndiyini qeyd edib. Bir təsadüf nəticəsində M.Ə.Rəsulzadənin gizləndiyi aşkar olunub və o silahdaşı ilə birlikdə o zaman ÇEKA adlanan siyasi polis idarəsinin işçiləri tərəfindən həbs olunub və Bakıya gətirilib.
Görkəmli Azərbaycan araşdırmaçısı Ədalət Tahirzadənin mətbuata verdiyi açıqlamasına görə, o zaman bolşeviklərdən gizlənən M.Ə.Rəsulzadənin yerini hökümət qüvvələrinə Lahıc kənd sakini Əliabbas bəy Nəsrulla bəy oğlu Səfərbiyev xəbər verib. Kobud dildə desək M.Ə.Rəsulzadənin yerini hökümət qüvvələrinə satıb və qarşılığında kommunistlər ona qoşalülə tüfəng bağışlayıblar. Bu arada qeyd edim ki, Ə.Tahirzadə mətbuata açıqlamasında Ə.Səfərbəyov haqqında məlumatları MTN – nin arxivindən əldə etdiyini bildirib. Kommunistlər sonradan izi itirmək üçün Səfərbəyovu güllələyiblər.
Həbsdə olduğu müddətdə Stalin tərəfindən ziyarət olunan M.Ə.Rəsulzadəyə Moskvaya getmək təklif olunub. Rəsulzadə təklifi qəbul etmişdir, amma onunla birgə silahdaşları Əli Rəsuloğlu və Abbasqulu bəyin də gəlmələrini istəyib. Bu istəyin Stalin tərəfindən qəbul olunmasına baxmayaraq, yolda Abbasqulu bəyin olmadığını görən M.Ə.Rəsulzadəyə Stalin: "Yerli kommunistlər Abbasqulu bəyin getməsinə razılıq vermədilər, ona qarşı güclü bir hiddət vardı" deyə açıqlama verib.
Əslində isə Stalin M.Ə. Rəsulzadəni fiziki mənada deyil, mənən öldürmək üçün Moskvaya aparıb. Sözsüz ki, Stalin çox gözəl başa düşürdü ki, M.Ə.Rəsulzadənin fiziki məhvini həyata keçirmək əslində Azərbaycanın istiqlal mübarizəsinə xidmət etmək demək idi.
Rəsulzadə Moskvadan qaçışını "Stalinlə İxtilal Xatirələri" ndə qeyd edir və onu da əlavə edir ki, Moskvadan qaçışını Türk silahlı qüvvələrinin düşmən qüvvələrini İzmirdən dənizə tökmək üçün hərəkətə keçidi ilə bağlı qələmə aldığı yazı ərəfəsində həyata keçirib.
Səbahəddin Şimşir "Azərbaycanın İstiqlal Mücadələsi" adlı kitabında qeyd edir ki, M.Ə.Rəsulzadə Stalinlə bağlı xatirələrinin çapı üçün "The Stalin I Know Synopsis" başlığı altında Amerikanın mətbəə şirkəti olan "Life İnternational Edition" a müraciət edib.
Kitabda M.Ə.Rəsulzadənin Moskvadan Leninqrada (hazırki Sankt – Peterburq) keçidi ilə bağlı Rəsulzadənin xatirələrinə yer verən müəllif: "Leninqradda Tatarların bu baxımdan təcrübələri vardı. Məndən əvvəl bu təcrübədən Pr. Sədri Məqsudi Arsal, Abdullah Taymas bəylər istifadə ediblər və Helsinkiyə gedərək Sovet cəhənnəmindən xilas olublar. Gecə saat 00:00 radələrində yola çıxaraq, səhər saat 07:00 də dan yeri ağaranda Fan sahilinə çatdıq. Sahilə elə yan almışdıq ki, sahil mühafizə xidmətinin əməkdaşları bizi həbs etdilər." Karantində bir müddət qaldıqdan sonra Helsinkiyə, 16.9.1922 – ci il tarixində isə Helsinkidən öncə dəniz, daha sonra dəmiryoluyla Berlinə yola düşən M.Ə. Rəsulzadə Fransa üzərindən İstanbula gedib.
Görkəmli araşdırmaçı Ədalət Tahirzadə mətbuata açıqlamasında qeyd edib ki, Məhəmməd Əmin Rəsulzadənin Sankt – Peterburqdan Finlandiyaya qaçışını təşkil edənlər arasında Müsavatçı Dadaş Həsənzadə və Kazanda türklərinin ilahiyyatçısı Musa Carulla Bigiyev də olub. Kommunistlər sonra Dadaş Həsənzadəni ağır işgəncələr altında zindanda vəhşicəsinə öldürüblər.
İstanbula gələn Rəsulzadə 1922 – ci ildə "Azərbaycan Cümhuriyyəti Keyfiyet – i Təşəkkülü və Şimdiki Vaziyeti" adlı əsərini nəşr etdirir. Əsər Azərbaycanın xaricdə tanıdılması baxımından olduqca əhəmiyyətlidir. Əsər Yavuz Akpınar, İrfan Murat Yıldırım və Səbahəddin Çağın tərəfindən latın dilində 1992 – ci ildə İstanbulda dərc olunub.
Eyni ildə Rəsulzadə "Əsrimizin Səyavuşu" adlı digər bir əsərini çap etdirir. Əsərin hansı məqsədlə və hansı şərtlər altında yazıldığını müəllif əsərin müqəddiməsində qeyd edib. Azərbaycanın Qızıl Ordu tərəfindən işğalından sonra İsmayıllı rayonunun Lahıc kəndində gizlənən M.Ə.Rəsulzadənin diqqətini qonaq qaldığı evin kitabxanasında Türk və Rus dilində yazılmış kitab və məcmüələr arasından Firdövsinin Şahnamə əsərini çəkib. Adıçəkilən əsərdən ilhamlanan M.Ə.Rəsulzadə "Əsrimizin Siyavuşu" adlanan əsəri qələmə alıb. Bolşeviklərdən gizlənmək, ələ keçməmək kimi çətin şərtlər altında qələmə aldığı əsəri müəllif hər ehtimala qarşı iki nüsxədə yazıb. Rəsulzadə nüxsələrdən birini qaldığı evin sahibinə vermiş, əsəri heç kimə verməməsinə dair tapşırıqlarını verib, ehtiyac olduğu təqdirdə ev sahibinə öncədən müəyyən edilən parolun söyləniləcəyini və əsərin müəllifə göndərilməsi gərəktiyini söyləyib. Rəsulzadə İstanbula gəldikdən sonra ev sahibi həmin nüsxəni Rəsulzadəyə göndərmiş və beləcə əsər çap olunub.
Başda Məhəmməd Əmin Rəsulzadə olmaqda Türkiyədə mühacir həyatı yaşayan Azərbaycan türkləri öz aralarında siyasi bir birlik yaratmaq məqsədilə "Azərbaycan Milli Mərkəzi" adlanan qurum yaratdılar. "Azərbaycan Milli Mərkəzi" Azərbaycanın milli istiqlal davasını xaricdə təmsil etmək, idarə etmək məqsədilə aprel ayının 27 – si 1924 – cü ildə Müsavat Partiyasının lideri və Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə İstanbulda qurulub.
Milli Mərkəz, 28 May 1918 – 27 Aprel 1920 – ci illərdə mövcud olan Azərbaycan Demokratik Respublikasının mühacirətdəki davamçısıdır. 1924 – 1931 – ci illərdə "Azərbaycan Milli Mərkəzi" ndə aşağıdakı şəxslər fəaliyyət göstərmişlər:
1) Məhəmməd Əmin Rəsulzadə
2) Abbas Kazımzadə
3) Mehmet Əli Rəsuloğlu
4) Xəlil bəy Xasməmmədli
5) Əlimərdan bəy Topçubaşov
6) Əkbər Ağa Şeyxülislamov
7) Mustafa Vəkilov
8) Miryaqub Mehdizadə
9) Ceyhun Hacıbəyli
10) Məmməd Sadıq Aran
11) Rüstəmbəy Şəfibəyli
12) General İsrafil bəy
13) Abbas Atamalıbəyli
14) Abdul Əlibəy Əmircan
15) "Keykurun" Naqi bəy Şeyxzamanlı
16) Mehmet Mühərrəm
"Azərbaycan Milli Mərkəzi" öz fəaliyyət istiqamətlərini aşağıdakı kimi müəyyənləşdirmişdir;
1. Mərkəz 28 May 1918 – ci ildə qurulmuş və dünya dövlətləri tərəfindən istiqlaliyyəti tanınan, 27 Aprel 1920 – ci ildə bolşeviklər tərəfindən istila olunan Azərbaycan Xalq Cümhuriyyətinin istiqlaliyyətinin yenidən bərpası uğrunda mübarizə aparır.
2. Eyni geopolitik şərtlər daxilində olan, eyni müqəddərata və eyni düşmənə sahib olan Qafqazlı qonşu millətlərin də müvafiq qurumları ilə əməkdaşlıq edir.
3. Başda Rusiya istibdadına məruz qalan millətlər olmaqla, Rus imperiyasının əsarəti altında olan bütün millətlərin səlahiyyətli siyasi qurumları ilə müştərək şəkildə kommunism istilasına və Rus imperiyasına qarşı mübarizəni həyata keçirir.
4. Milli Mərkəz Birləşmiş Millətlər, Beynəlxalq qurumlar, Bolşevik əleyhdarı qurumlar və Azərbaycan milli davasına şərik olan dost dövlətlər nəzdində Azərbaycanı təmsil edir və Azərbaycan milli davasını müdafiə edir.
5. Milli Mərkəz demokratik və çox partiyalı olub, milli istiqlaliyyətin qazanılmasından sonra öz siyasi fəaliyyətini Azərbaycana köçürər və Azərbaycanın siyası həyatında aktiv olaraq fəaliyyət göstərir.
6. Dil və mədəniyyət cəhətdən ortaq olan Türk ölkələri ilə mövcud qardaşlıq əlaqələrini hər sahədə qüvvətləndirməyə çalışır.
Azərbaycan Milli Mərkəzi yuxarıda qeyd olunan hədəflərə çatmaq üçün öz fəaliyyət proqramını təşkil etmişdir:
1. Mühacirət həyatının çətin şərtləri daxilində fəaliyyət göstərən Azərbaycan Milli Mərkəzi, yerləşdiyi ölkələrin (bilavasitə Türkiyə dövlətinin) daxili və xarici siyasətinə müdaxilə etməyəcək və bunu bir prinsip olaraq qəbul edəcək. Ancaq Azərbaycanın milli davası ilə bağlı hər hansı bir mənfi fəaliyyət baş verərsə, dərhal öz mövqeyini ortaya qoyar, Azərbaycanın hak və hüququnu müdafiə edər.
2. Öz fəaliyyətini, Rəyasət Heyətinin təklifi, İcra Heyətinin və Təmsilcilər Məclisinin təsdiqi ilə təmsilciliklərlə birgə həyata keçirir. Təmsilciliklər, qeyd – şərtsiz, Milli Mərkəzin siyasətinə, taktika və strategiyasına tabe olmağa məcburdur, fəaliyyəti haqqında Milli Məclisin iradəsi xaricində hər hansı bir bəyanat verə bilməz.
3. Azərbaycan Milli Mərkəzi prinsip olaraq bütün fəaliyyətlərini "konsperativ" (məxfi) şəkildə həyata keçirməyi qəbul edir.
4. Azərbaycan Milli Mərkəzi, yerləşdiyi ölkənin müvafiq qurumlarına (rəhbərliklərə) öz mövcudluğunu "declere" yəni bəyan etməlidir.
5. Milli İstiqlal məfkurəsini və milli şüuru inkişaf etdirmək məqsədilə, Şimali və Cənubi Azərbaycanda yerləşən tərəfdarları arasında "yeraltı – gizli" komitələrini qurar, həyata keçirilən işin əhəmiyyəti səbəbindən komitə üzvlərinin kim olduğunu bəyan etməz.
6. Azərbaycan Milli Mərkəzi, Şimali və Cənubi Azərbaycanda olan milli cərəyanları və xalq hərəkatlarını öz mübarizəsinin ayrılmaz bir parçası hesab edər və 1918 – 1920 – ci illər arasındaki Milli İstiqlaliyyətinin davamı olaraq qəbul edər, onlara maddi və mənəvi dəstək olar, taktiki və strateji baxımdan onların fəaliyyətinə istiqamət verər, onlarla güclü bir kordinasiyaya sahib olmağı özünün təməl prinsiplərindən biri kimi qəbul edər.
1924 – cü ildə Müsavat Partiyası xarici bürosunun qərarı ilə Mədəniyyət komitəsi nəzdində "Azərbaycan Gənclər Birliyi" qurulmuşdur. Sədri Məmməd Sadıq Aran, katibi isə İsmayıl Sarı İmanquluoğlu olmuşdur. Fəal üzvləri isə Şəfi Rüstəmbəyli, Səlim Ağasıbəyli, M. Ağaoğlu, Niyazi Yusufbəyov, İskəndər Xan Xoyski, M. Hacızadə və H. Camalbəyovdur.
Birliyin məqsədi, gəncləri təşkilatlandırmaq, onların milli ruhunun yüksəldilməsinə nail olmaq, həm də baddi baxımdan sıxıntı çəkən üzvlərinə dəstək olmaqdır.
Rəsulzadənin Türkiyədəki mühacir fəaliyyətində mətbuat xüsusi rol oynamışdır. Azərbaycanın İstiqlaliyyəti üçün verilən mübarizə özünü mətbuatda da əks etdirmişdir. Belə ki, 1923 – 1927 – ci illərdə "Yeni Qafqaziya", 1928 – 1930 – ci illərdə "Azəri – Türk", 1928 – ci ildə "Yaşıl Yarpaq", 1929 – 1931 – ci illərdə "Odlu Yurd" məcmuələri, 1930 – 1931 – ci illərdə isə "Bildiriş" qəzeti işıq üzü görmüşdür.
İstanbulda "Yeni Qafqaziya" ilk nömrəsi 1923 – cü ildə sentyabr ayının 26 – da işıq üzü görmüşdür. Məcmuənin ilk nömrəsinə istinadən məcmuənin imtiyaz sahibi və müdürü Seyid Tahir adlı bir şəxsdir. Bu şəxs məcmuədəki fəaliyyətini 1925 – ci il dekab ayınadək davam etdirmişdir. Bu tarixdən sonra müdürlük vəzifəsini Əhməd Haqqı adlı bir şəxs həyata keçirmiş və məcmuə öz fəaliyyətinə son verənədək ona rəhbərlik etmişdir. On beş gündən bir dərc olunan ədəbi, ictimai və siyasi məcmuə olan "Yeni Qafqazya Məcmuəsi" nin pərdə arxasındaki lideri isə M. Ə. Rəsulzadənin adı ilk dəfə "Zaruri Bir İzah" (İdarəyə məktub) başlığı ilə 1923 – cü ildə oktyabr ayında çıxan nömrəsində çap olunmuşdur. Qeyd edək ki, məcmuənin 1924 – cü il 28 may tarixindəki nömrəsi xüsusi olaraq nəşr olunmuş və məcmuənin üzərində də M.Ə.Rəsulzadənin şəkli çap olunmuşdur.
"Yeni Qafqaziya" məcmuəsi ilk növbədə Azərbaycanın, sonra Qafqazın və nəhayət Rusya istibdadına məruz qalan bütün millətlərin istiqlaliyyətini üçün mübarizə aparmağı bir hədəf olaraq müəyyən etmişdir.
Milli Azərbaycan hərəkatının Türkiyədə işıq üzü gördüyü 2 – ci mətbuat orqanı isə "Azəri – Türk" dür. On beş gündə bir çıxan və ictimai, iqtisadi, siyasi, milliyyətçi məcmuə olan "Azəri – Türk" 1 fevral 1928 – ci ildə işıq üzü görmüşdür. Fevral 1930 – ci ildə isə mövcudluğunu başa vurmuşdur. Məcmuənin ilk nömrəsindən etibarən müdürü Məmməd Sadıq Aran olmuşdur. Məcmuənin ərəb hərfləri ilə nəşr olunan nömrələrində (1-20) çap yeri olaraq Orxaniyə mətbəəsinin adı qeyd olunmuşdur, latın hərfləri ilə nəşr olunan nömrələrində isə çap orqanının adı qeyd olunmamışdır.
Məcmuənin 1 fevral 1928 – ci ildə çıxan nömrəsinin başlığını yazan M.Ə.Rəsulzadə məcmuənin məqsəd və siyasətini aşağıdakı cümlələrlə ifadə etmişdir: "Mecmuamızı bundan dört beş sene evvel ve başka şerait dahilinde çıkarmış olsaydık, tuttuğumuz yolu kafi surette izah edebilmek için belki daha ziyade tafsilat vermek ihtiyacını hissederdik. Fakat, şimdi, bizden evvel vuku’ bulan neşriyat sayəsində ("Yeni Qafqazya Məcmuəsi" ni nəzərdə tutur) ihzar olunan bir muhiti nazara alarak, tuttuğumuz yolun pek kısa cümlelerle izah olunabileceğini ümid ediyoruz". Bu yolun necə bir yol olduğunu ifadə edərkən isə "bu yol çox məşəqqətli və tikanlı olmaqla bərabər, eyni zamanda haqq və millət yoludur. Avropa bu yolu 18 və 19 – cu əsrlərdə getmiş, hal – hazırda isə Şərq bu yolu getməkdədir. Hətta keçmiş Rusya imperiyası daxilində yaşayan millətlər də bu yola üz tutublar. Bu yol elə bir yoldur ki, süvarisi milliyyət, hədəfi isə istiqlaliyyətdir." demişdir.
16 iyun 1928 – ci ildə fəaliyyətə başlayan "Yaşıl Yarpaq" məcmuəsi, təsir və həcm baxımından "Yeni Qafqaziya" və "Azəri – Türk" məcmuələrindən daha kiçik olmuşdur. Qeyd edək ki, adıçəkilən məcmuə 8 səhifədən ibarət idi.
Milli Azərbaycan Nəşriyyatının M.Ə.Rəsulzadə rəhbərliyi ilə nəşr etdiyi son məcmuə isə "Odlu Yurd" olmuşdur. İlk nömrəsi 1929 – cu ilin mart ayının 1 – də çıxan məcmuənin son nömrəsi 1931 – ci il avqust ayında yayınlanmışdır.
Qeyd edək ki, adıçəkilən bütün məcmuələrin məqsədi, Azərbaycanın milli davasına, istiqlaliyyət mübarizəsinə dəstək olmaq, öz təhfəsini verməkdir və bütün bu məcmuələr "Milli Azərbaycan Nəşriyyatı" olaraq dərc olunmuşdur.
7 avqust 1930 – cu ildə İstanbulda Mirzə Bala Məhmədzadənin rəhbərliyi ilə "Bildiriş" adlı qəzet işıq üzü görməyə başladı. Həftənin 4 - cü günü yayınlanan qəzetin başyazarı Mirzə Bala Mehdizadə olmuşdur. Siyasi qəzet olan "Bildiriş" 4 səhifədən ibarət olmuşdur. Qəzetə yazı yazanlardan biri də M.Ə.Rəsulzadə olmuşdur.
Bu illərdə "Türk Ocaqları Heyəti" tərəfindən çap olunan "Türk ili" adlı əsərdə M.Ə.Rəsulzadənin "Qafqaz türkləri" adlı bir məqaləsi dərc olunmuşdur. 4 bölmədən ibarət olan məqalənin bölmələrinin adları: Tarixə bir baxış, Rus işğalında yüz il, Azərbaycan Cümhuriyyəti və Dağıstan Cümhuriyyətidir.
1. Tarixə bir baxış bölməsində, Qafqaziya ilə bağlı ətraflı məlumat, Türklərin Qafqaza yerləşməsi, Azərbaycan türklərinin siyasi müqəddəratı, xanlıqlar və s barədə məlumat vermişdir.
2. Rus işğalında yüz il bölməsində,Şərqi Qafqazda Rus siyasəti, Qafqaz türklərinin ədəbi və milli intibahı, 1905 – ci il inqilabından sonra baş verən hadisələr və s barədə məlumat vermişdir.
3. Azərbaycan Cümhuriyyəti adlı bölmədə isə, Azərbaycan sözünün mənşəyi, Azərbaycanla bağlı coğrafi məlumatlar, yerüstü və yeraltı sərvətləri, iqtisadi vəziyyəti, Cümhuriyyət dövrü, Türkiyənin köməyi, Milli Şuranın Gəncə tətili, Bakının azad olunması, 27 aprel işğalı, Sovet Azərbaycanının siyasi vəziyyəti, Azərbaycanda olan məktəb və maarif ilə bağlı məlumatları qələmə almışdır.
4. Dağıstan Cümhuriyyəti adlı bölmədə isə, Dağıstana aid coğrafi bilgilər, ictimai xüsusiyyətləri, Dağıstanın inqilab illərindəki vəziyyəti, Dağıstanda olan türk qüvvələri, türk dilinin insanların mədəni həyatındakı yeri və önəmi barədə məsələlərə toxunmuşdur.
Bu illərdə M. Ə. Rəsulzadənin Milli Azərbaycan Nəşriyyatı adı altında bir neçə əsəri işıq üzü görmüşdür. "Azərbaycan Cümhuriyyəti", "Əsrimizin Siyavuşu", "İstiqlal Məfkurəsi və Gənclik", "Rusiyada siyasi vəziyyət", "İxtilalcı sosializmin iflası və demokratiyanın gələcəyi". "Milliyyət və bolşevizm, məqalələr məcmuəsi", adlı əsərini isə Rəsulzadə öz şəxsi imkanları hesabına dərc etdirmişdir. "Milliyyət və bolşevizm" adlı əsəri 1928 – ci ildə İstanbulda Orxaniyə mətbəəsində çap olunmuşdur.
Rəsulzadə İstanbulda sadəcə mətbuat işləri ilə kifayətlənməmiş, eyni zamanda Rusiya zülmünə məruz qalan bütün millətlərlə də maraqlanmış, onların da taleyinə laqeyd qalmamışdır. Buna misal olaraq qatıldığı "Türkistanlı Gənclər Birliyi" konferansıdır.
Rəsulzadənin Türkiyədən getdiyi tarixə dair dəqiq məlumat yoxdur, ancaq ehtimallara görə o, 1928 – ci ildə Avropaya hicrət etmişdir. Çünki onun "Rusiyada milliyət məsələsi" Avropa məktubları 1 adlı məktubu 22 mart 1928 – ci il Frans tarixini əks etdirməkdə olub, 1928 – ci il aprel ayının 15 – də "Azəri – Türk" məcmuəsində dərc olunmuşdur. Burdan bu qənaətə gəlmək olar ki, Rəsulzadə 1928 – ci ilin əvvəllərində Türkiyəni tərk edib. Onun 1931 – ilin iyun ayında "Odlu Yurd" məcmuəsində "May günləri" adlı məqaləsi çap olunub, hansıki Polşada Rəsulzadə tərəfindən qələmə alınmışdır. Rəsulzadənin Türkiyədən ayrılmasının səbəbi, Rusiya əleyhinə yazdığı yazılar və bunun məntiqi nəticəsi olaraq Türkiyə dövlətinin üzləşdiyi diplomatik təzyiqlər olmuşdur.
Rəsulzadə Türkiyədən ayrılsa da, Türkiyə ilə əlaqələrini kəsməmiş, Türkiyədə yaşayan Azərbaycan Türklərinin fəaliyyətini daima diqqətlə izləmişdir. Və nəhayət 1947 – ci ildə təkrar Türkiyəyə gələn Rəsulzadə yenə də Azərbaycanın istiqlaliyyəti üçün mübarizəsini davam etdirmişdir. Rəsulzadə 1949 – cu ilin 1 fevral ayından etibarən fəaliyyətə başlayan "Azərbaycan Kültür Dərnəği"nin fəxri sədri olmuş və ölənə qədər də bu vəzifəni layiqlə yerinə yetirmişdir. Rəsulzadənin bu illərdə çap olunan ilk əsəri "Azərbaycan Kültür Gelenekleri" adlı, 29 səhifədən ibarət olmaqla "Azərbaycan Kültür Dərnəği" nin ilk nömrəsində 1949 – cu ildə, Ankarada çap olunmuşdur. 1950 – ci ildə çap olunan və "Çağdaş Azərbaycan Ədəbiyyatı" adını daşıyan əsəri isə, 40 səhifədən ibarət olub, "Azərbaycan Kültür Gelenekleri" adlı əsərinin davamıdır. Bu kitabda Rəsulzadə Azərbaycan Cümhuriyyət illərində və Sovet hakimiyyəti dövründə Azərbaycan ədəbiyyatının inkişafını ictimai – siyasi baxımından dəyərləndirmişdir. Qeyd olunan hər iki əsər 1984 – cü ildə Ankarada yenidən çap olunmuşdur. Rəsulzadənin digər bir əsəri 1951 – ci ildə Ankarada çap olunan "Çağdaş Azərbaycan Tarihi" adlı əsərdir. Əsər "Azərbaycan Kültür Dərnəği" nin 4 – cü nömrəsində çap olunmuşdur. Əsərdə Azərbaycanın Ruslar tərəfindən işğalından sonra Azərbaycanda baş verən hadisələr və Azərbaycan xalqının nümayiş etdirdiyi mübarizədən söhbət açılır. Rəsulzadənin bu illərdə nəşr olunan ən dəyərli və ən həcmli əsəri Azərbaycan şairi "Nizami" nin adını daşımaqdadır. Ancaq əsərin çapa verildiyi vaxt Ruslar əleyhinə yazılan bəzi cümlələrdən narahatlığını dilə gətirən rusiyapərəst şəxslər kitabın çap olunması üçün, bu cümlələrin çıxarılmasının vacibliyini vurquladıqları zaman, Rəsulzadə onlara: "bu cümlələri mən yazmamışam, böyük Nizamı yazıb. Onları çıxartmaq nə mənim, nə də ki, başqasının haqqıdır" demişdir. Əsər daha sonra nazir Tevfik İlerinin vaxtında Türkiyə Dövləti Təhsil Nazirliyi tərəfindən, 1951 – ci ildə çap olunmuşdur. Qeyd edək ki, əsər 402 səhifədən ibarətdir. Əsərdə Şərq İslam mədəniyyəti, Azərbaycanın bu mədəniyyətdəki yeri və rolu, Nizami Gəncəvinin həyatı və əsərləri haqqında söhbət açılır, əsərdə Nizaminin türk olduğu xüsusi olaraq müəllif tərəfindən vurğulanıb.
Bu illərdə Ankarada Rəsulzadənin səyləri nəticəsində "Azərbaycan Dərgisi" işıq üzü görmüşdür. Rəsulzadə siyasi, elmi, ədəbi fəaliyyəti ilə yanaşı özünü maddi tələbatını da ödəməyə çalışmışdır. İkinci Dünya müharibəsindən sonra T.C Təhsil Nazirliyi tərəfindən çap olunmaqda olan "Türk Ensiklopediyası" nın Azərbaycanla bağlı maddələrini M.Ə.Rəsulzadə qələmə almışdır.
Qeyd edək ki, Rəsulzadə bu illərdə böyük səfalət içərisində yaşamışdır. O, Ankarada bir müddət Təhsil Nazirliyində işlədikdən sonra, milli kitabxanada işə başlamışdır. Kitabxanada Azərbaycan Türkcəsi ilə yazılmış kitabların siyahısını hazırlamaqla məşqul idi. "Azeri Türk bibliyoğrafyası" və "Azərbaycan bibliyoğrafiyası" Rəsulzadənin qələmə aldığı son əsərləridir. Onu da qeyd edək ki, Rəsulzadənin çap olunmamış digər bir əsəri də "Türk şairlərdən seçdiyi şeirlər" dən ibarət olan bir dəftərdir.
M.Ə.Rəsulzadə Türkiyədə yaşayan Azərbaycanlıların heç zaman hər hansı bir siyasi partiyaya üzv olmalarına və ya siyasi partiyaya meyilli olmalarına razı olmamışdır. Bununla bağlı 1950 – ci il seçkiləri ərəfəsində qohumu Əli Rəsuloğlunun C.H.P - nin (Cümhuriyet Halk Partisi) mitinqində iştirak etməsi səbəbindən çox əsəbiləşmiş, ona: "bizim davamız partiyadan daha ali bir davadır, burada bizim hər hansı bir partiyə meyilli olmağımız əsas işimiz olan, Azərbaycanın milli davasına zərər verə bilər" deyə xəbərdarlıq etmişdir.
Rəsulzadə 6 mart 1955 – ci ildə Ankara universiteti xəstəxanasında, yanında həyat yoldaşı Leyla xanımı, qohumu Əli Rəsuloğlu və tibb bacılarının bir neçəsinin olduğu halda, 30 ildən artıq bir müddətdə əziyyət çəkdiyi şəkər xəstəliyindən və daha sonralar ona əziyyət verən prostat nasazlığı səbəbindən gecə saat 22:50 radələrində dünyaya gözlərini əbədi olaraq yummuşdur.